...

Azərbaycanlı generalın qətli ilə bağlı hüquq-mühafizə orqanlarına yalan məlumat verməkdə ittiham olunan şəxsin apelyasiya şikayəti təmin edilməyib

Cəmiyyət Materials 13 Aprel 2010 15:31 (UTC +04:00)
Trend-in məlumatına görə, bu gün Bakı Apelyasiya Məhkəməsində general Rail Rzayevin qətli ilə bağlı istintaqa yalandan məlumat verən Milli Elmlər Akademiyasının (AMEA) və Vergilər Nazirliyi Aparatının keçmiş əməkdaşı, iqtisad elmlər namizədi Mirseyfəddin Cabbar oğlu Məmmədovun apelyasiya şikayəti üzrə qərar elan edilib.
Azərbaycanlı generalın qətli ilə bağlı hüquq-mühafizə orqanlarına yalan məlumat verməkdə ittiham olunan şəxsin apelyasiya şikayəti təmin edilməyib

Azərbaycan, Bakı, 13 aprel /Trend, müxbir H.Bağırov/

Müdafiə Nazirliyi Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Qoşunlarının komandanı Rail Rzayevin qətli ilə bağlı hüquq-mühafizə orqanlarına yalan məlumat verməkdə ittiham olunan şəxsin apelyasiya şikayəti təmin edilməyib.

Trend-in məlumatına görə, bu gün Bakı Apelyasiya Məhkəməsində general Rail Rzayevin qətli ilə bağlı istintaqa yalandan məlumat verən Milli Elmlər Akademiyasının (AMEA) və Vergilər Nazirliyi Aparatının keçmiş əməkdaşı, iqtisad elmlər namizədi Mirseyfəddin Cabbar oğlu Məmmədovun apelyasiya şikayəti üzrə qərar elan edilib.

Qərara görə, Məmmədovun apelyasiya şikayəti təmin edilməyib və Ağır Cinayətlərə Dair İşlər Üzrə Məhkəmənin hökmü qüvvədə saxlanılıb.

Məmmədov Müdafiə Nazirliyi Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Qoşunlarının komandanı Rail Rzayev qətlə yetiriləndən sonra, Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər Üzrə İstintaq İdarəsinə yanlış məlumatlar verib. Onun verdiyi məlumat əsasında 100-dən çox şəxs istintaqa cəlb edilib. Lakin həmin şəxslərin Rzayevin qətl hadisəsində iştirakı müəyyənləşməyib.

İstintaq müəyyən edib ki, Məmmədov istintaqa yalan məlumat verib və cinayət işi üzrə istintaqın gedişini yanlış istiqamətə yönəldib.

Bundan başqa, təqsirləndirilən şəxs hüquq-mühafizə orqanlarına müraciət edərək, Azərbaycanda terror aktı hazırlandığını, bir qrup vəzifəli şəxsin öldürülməsinin planlaşdırıldığını deyib. O, Bakıya bir qrup şəxs tərəfindən külli miqdarda silah-sursat gətirildiyini, həmin silahlarla terror aktları hazırlanacağını bildirib. O, yüksəkvəzifəli şəxslərin olduğu avtomaşınlara hücum planlaşdırıldığını da qeyd edib. Eyni zamanda, Milli Təhlükəsizlik Nazirliyinin bir qrup vəzifəli şəxsinin, Yasamal, Nəsimi, Səbail rayon polis idarələrinin vəzifəli şəxslərinin evlərinə silahlı basqınlar ediləcəyi barədə də hüquq-mühafizə orqanlarını məlumatlandırıb.

Xəbər lenti

Xəbər lenti