...

Universitetə qanunsuz tələbə qəbul etdirən professora prokuror cəza istəyib

Cəmiyyət Materials 22 Aprel 2010 13:01 (UTC +04:00)
Prokuror Azərbaycanda qanunsuz yolla rəhbərlik etdiyi universitetə tələbə qəbul etdirməkdə ittiham olunan professora cəza istəyib.
Universitetə qanunsuz tələbə qəbul etdirən professora prokuror cəza istəyib

Azərbaycan, Bakı, 22 aprel /Trend, müxbir H.Bağırov/

Prokuror Azərbaycanda qanunsuz yolla rəhbərlik etdiyi universitetə tələbə qəbul etdirməkdə ittiham olunan professora cəza istəyib.

Trend-in məlumatına görə, bu gün Ağır Cinayətlərə Dair İşlər Üzrə Məhkəmədə "Ümumdünya Texnologiya Universiteti"nin Bakıdakı struktur bölməsinin rəhbəri Zülfi Babayevin məhkəməsi yekunlaşıb və prosesdə çıxış edən prokuror onun 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Məhkəmə aprelin 29-da hökm elan edəcək.

İttihama görə, "Nab" Məhdud Məsuliyyətli Cəmiyyətinin təsisçisi və direktoru olan Zülfi Babayev özü və üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək üçün vəzifə səlahiyyətlərindən qulluq mənafeyinə zidd olaraq istifadə edib. O, dövlət qeydiyyatı və lisenziyası olmadan Moskva şəhərində yerləşən YUNESKO "Ümumdünya Texnologiya Universiteti"nin rəhbərliyi ilə aralarında bağlanmış 01 fevral 2008-ci il tarixli, 007-PI nömrəli müqaviləyə, həmçinin, həmin universitet tərəfindən ona təqdim edilmiş etibarnaməyə əsaslanaraq, tədris kursları təşkil etmək adı altında Bakıda bu universitetin nümayəndəliyini yaradıb.

Babayev Azərbaycan ərazisində qanunla nəzərdə tutulmadığı halda, bir sıra vətəndaşlara distant yolla təhsil almaq hüququnu izah edərək, nümayəndəliyə müəllim kimi işə qəbul etdiyi şəxslər vasitəsilə tələbələr cəlb edərək, bu şəxslərə tələbə biletləri, imtahan kitabçaları verməklə müvafiq tədris işlərini həyata keçirib. O, qanunsuz fəaliyyət göstərən tədris müəssisəsində fəaliyyət göstərən müxtəlif fakültələrə tələbə kimi qəbul etdiyi gənclərdən 700 manat pul alıb. Bununla da külli miqdarda gəlir əldə edən Babayev, adıçəkilən şəxslərə külli miqdarda ziyan vurub.

Babayev ötən ilin martın 12-də Milli Təhlükəsizlik Nazirliyi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində tutulub. Cinayət işinin ibtidai istintaqı Baş Prokurorluq yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsi tərəfindən aparılıb.

Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin külli miqdarda ziyan vurmaqla dələduzluq etmək (178.2.3), qanunsuz sahibkarlıq (192.1), vəzifə səlahiyyətlərindən sui-istifadə (308.1), vəzifə saxtakarlığı (313) maddələri ilə ittiham olunur.

Xəbər lenti

Xəbər lenti