...

"Tovuzun toponim dünyası" adlı kitabın təqdimat mərasimi keçirilib (FOTO)

Cəmiyyət Materials 17 İyun 2010 16:25 (UTC +04:00)
Bakıda cümə axşamı Zirəddin Xasıyevin müəllifi olduğu "Tovuzun toponim dünyası" adlı kitabın təqdimat mərasimi keçirilib.
"Tovuzun toponim dünyası" adlı kitabın təqdimat mərasimi keçirilib (FOTO)

Azərbaycan, Bakı, 17 iyun /Trend, müxbir M.Əliyev/

Bakıda cümə axşamı Zirəddin Xasıyevin müəllifi olduğu "Tovuzun toponim dünyası" adlı kitabın təqdimat mərasimi keçirilib.

"Tovuzun toponim dünyası" gələcək nəsillər üçün həddən artıq qiymətli kitabdır", - bunu Atatürk Mərkəzində keçirilən təqdimat mərasimində çıxışı zamanı kitabın elmi redaktoru, professor Qəzənfər Paşayev bildirib. Onun sözlərinə görə, kitablar xalqın tarixini yaşadır və bu kitab da tariximizin bir parçasıdır.

Kitabın ön sözünün müəllifi, millət vəkili Qənirə Paşayeva təqdimat zamanı bildirib ki, bir millət öz tarixini bilərsə, ayaq üstə dura bilər. Onun sözlərinə görə, Sovet İmperiyası dövründə məqsədli bir siyasət aparılaraq Azərbaycanla bağlı saxta tarix yazılırdı və tədqiqat aparıb həqiqəti aydınlaşdırmağa mane olunurdu.

"Hazırda bizim toponimlərin bir hissəsi işğal altındadır və bu səbəbdən onlara sahib çıxmalıylq", - deputat bildirib. Onun sözlərinə görə, kitabda Azərbaycan kəndlərinin adı barədə geniş məlumatlar verilib.

Millət vəkili Nizami Cəfərov təqdimat zamanı bildirib ki, kitabda Tovuzun toponimləri çox ardıcıl şəkildə təşkil olunub. "Tovuzun çox qədim tarixi var və bu bölgə aktiv tarixi-siyasi proseslərin baş verdiyi məkandır", - o deyib.

Kitabın müəllifi Zirəddin Xasıyev jurnalistlərə bildirib ki, "Tovuzun toponim dünyası" adlı kitabda Azərbaycan xalqının soykökü, təşəkkülü və inkişaf mərhələləri ilə bağlı el-oba adlarında daşlaşaraq qalmış türk etnoslarının mənşəyi və semantikası dəqiqləşdirilib və Oğuz yurdu Tovuzdan toplanmış toponimlər tədqiqata cəlb olunub.

Monoqrafik tədqiqat əsərindən təkcə filoloqlar deyil, eyni zamanda, tarixçi, etnoqraf, coğrafiyaşünas, sosioloq və digər mütəxəssislər, eləcə də oxucular faydalana bilərlər.

Xəbər lenti

Xəbər lenti