...

"Media Akademiya"nın növbəti qonağı Milli Məclisin deputatı olub

Cəmiyyət Materials 2 Avqust 2010 15:32 (UTC +04:00)
"Media Akademiya"nın növbəti qonağı Milli Məclisin deputatı Qənirə Paşayeva olub. O, iştirakçılara jurnalistikanın ümumi prinsipləri haqqında məlumat verib. Bu barədə "İrəli" İctimai Birliyinin məlumatında deyilir.
"Media Akademiya"nın növbəti qonağı Milli Məclisin deputatı olub

Azərbaycan, Bakı, 2 avqust /Trend, müxbir M.Əliyev/

"Media Akademiya"nın növbəti qonağı Milli Məclisin deputatı Qənirə Paşayeva olub. O, iştirakçılara jurnalistikanın ümumi prinsipləri haqqında məlumat verib. Bu barədə "İrəli" İctimai Birliyinin məlumatında deyilir.

"Yaxşı reportyor olmaq üçün risqi sevmək lazımdır. Belə ki, reportyor təhlükə anında belə xəbəri hər şeydən üstün tutmalıdır... Reportyor ölümün içində olan insandır... Yaxşı jurnalist olmaq üçün reportyorluğu keçmək vacibdir. Onlar yaxşı bilirlər ki, etdikləri hər hansı bir səhvin geriyə dönüşü olmaya bilər. Onlar hər zaman, istənilən şəraitdə xəbəri ən doğru şəkildə cəmiyyətə çatdırmağı qarşılarına məqsəd kimi qoyurlar. Ən azından, ölüm qorxusunu hiss etməyəndən, ekstremal vəziyyətlərdə işləməyəndən yaxşı reportyor olmaz", - Paşayeva qeyd edib.

Paşayeva "Jurnalistikada sizi nə cəlb etdi ki, tibb sahəsindən imtina etdiniz" sualına maraqlı cavab verib. "Ümumiyyətlə, mən uşaqlıqda partizan olmaq istəyirdim. Hər zaman döyüş səhnələrini xatırladan kitabları oxuyur, filmlərı izləyirdim. Özümü, adətən, qəhrəmanların yerinə qoymağa çalışırdım. İnstituta imtahan verəndə də valideynlərimin istəyi ilə Tibb İnstitutunu seçdim. Orada təhsil alarkən jurnalistika ilə maraqlanırdım və ali məktəbi bitirdikdən sonra sırf jurnalist fəaliyyətinə başladım".

Onun sözlərinə görə, yerli jurnalistikada son zamanlar qarşılaşdığı mənzərə o qədər də ürəkaçan deyil. "Hazırda əsas problemlərdən biri, ələlxüsus da televiziyada, peşəkarların az olmasıdır. Bir çox qəzet və televiziyalar bu işə, sadəcə, biznes kimi yanaşırlar. Mən şəxsən bir vətəndaş kimi telekanallarda xəbərlərdən və ciddi proqramlardan savayı, heç nəyə baxmıram", - o qeyd edib.

Xəbər lenti

Xəbər lenti