...

Millət vəkili Qənirə Paşayeva ali məktəbə qəbul olunan tovuzlu tələbələrlə görüşüb (FOTO)

Cəmiyyət Materials 6 Avqust 2010 18:36 (UTC +04:00)
Rayon Mədəniyyət evində keçirilən tədbirdə millət vəkili Qənirə Paşayeva, müəllimlər, bu il tələbə adını qazanmış abituriyentlər və onların valideynləri iştirak ediblər.
Millət vəkili Qənirə Paşayeva ali məktəbə qəbul olunan tovuzlu tələbələrlə görüşüb (FOTO)

Azərbaycan, Tovuz, 6 avqust /Trend, müxbir V.Məmmədov/

Tovuzda ali məktəbə qəbul olunan tələbələrlə görüş keçirilib.

Rayon Mədəniyyət evində keçirilən tədbirdə millət vəkili Qənirə Paşayeva, müəllimlər, bu il tələbə adını qazanmış abituriyentlər və onların valideynləri iştirak ediblər.

Rayon İcra Hakimiyyəti başçısı Tofiq Zeynalov tələbə adını qazanan gəncləri təbrik edərək, son illər rayonda təhsil sahəsində əldə edilən uğurlardan danışıb. O bildirib ki, əvvəlkı illərlə müqayisədə bu il Tovuzdan olan abituriyentlər daha yüksək nəticələr göstəriblər. Bunu ölkə başçısının təhsilə göstərdiyi diqqətlə əlaqələndirən icra başçısı söyləyib ki, bu il rayonda 1386 nəfər şagird məzun olub.

Ali məktəblərə imtahan verən 996 nəfər abituriyentdən 450-dən çoxu tələbə adını qazanıb.

İcra başçısının sözlərinə görə, onlardan 14 nəfəri 600-dən çox, 81 nəfəri 500-dən çox bal toplayıb.

Ötən il isə Tovuzda 600-dən yuxarı bal toplayanların sayı 7, 500-dən yuxarı bal toplayanların sayı isə 43 nəfər olub.

Millət vəkili Qənirə Paşayeva isə tələbə adını qazanan abituriyentləri və onlara təhsil verən müəllimləri təbrik edib.

Rayonun builki qəbul göstəricilərini yüksək qiymətləndirən millət vəkili qeyd edib ki, bu nəticə ilə kifayətlənməməli, növbəti illərdə bundan da yüksək göstəricilər əldə edilməlidir.

"Çox sevindirici haldır ki, Tovuz rayonunda ali məktəblərə qəbul olunan qızların sayı, demək olar ki, oğlanların sayına bərabərdir. Bu o deməkdir ki, rayonda erkən nikah halları azalıb və qızlar təhsilə maraq göstərirlər", - vurğulayan millət vəkili qeyd edib ki, rayonda hərbi məktəb və liseylərə gənclərin marağı artıb.

124 nəfərin hərbi təhsil aldığını söyləyən Qənirə Paşayeva, bu il Tovuz rayonundan hərbi məktəbə sənəd verən gənclərin sayının daha da artdığını qeyd edib.

Millət vəkili tələbə adını qazanan gənclərə Vətəni sevməyi və çalışdıqları sahədə uğur qazanmağı arzulayıb.

O, Milli Qəhrəman Mübariz İbrahimovun ölümündən əvvəl valideynlərinə yazdığı məktubu gənclərə oxuyub.

Onun yazdığı məktubun gəncliyə örnək olduğunu bildirən Paşayeva, 30 orta məktəbə şəhidin şəkillərini və məktubunu verdiyini deyib.

Millət vəkili bildirib ki, təhsil ocaqlarında Milli Qəhrəman İbrahimovun lövhəsi yaradılacaq.

Sonda ali məktəbə yüksək balla qəbul olunan tələbələrə millət vəkili hədiyyələr təqdim edib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti