...

Azərbaycanda jurnalistlərin peşə davranış qaydalarında dəyişikliklər ediləcək - Mətbuat Şurasının sədri Əflatun Amaşov

Cəmiyyət Materials 11 Avqust 2010 16:01 (UTC +04:00)
Azərbaycanda jurnalistlərin peşə davranış qaydalarında dəyişikliklər ediləcək.
Azərbaycanda jurnalistlərin peşə davranış qaydalarında dəyişikliklər ediləcək - Mətbuat Şurasının sədri Əflatun Amaşov

Azərbaycan, Bakı, 11 avqust /Trend, müxbir T.Hacıyev/

Azərbaycanda jurnalistlərin peşə davranış qaydalarında dəyişikliklər ediləcək. Bu barədə çərşənbə günü Trend-ə Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov bildirib.

"Biz ATƏT ilə iki istiqamətdə fəaliyyət göstəririk. Bunlardan birincisi, jurnalistlərin peşə davranış qaydalarının təkmilləşdirilməsi, digəri isə "Diffamasiya haqqında" qanun layihəsinin hazırlanmasıdır", - Amaşov əlavə edib.

Onun sözlərinə görə, Azərbaycanda jurnalistlərin peşə davranış qaydalarının təkmilləşdirilməsinə ehtiyac var.

"Azərbaycanda peşə davranış qaydaları deklorativ xarakter daşıyır, yalnız tezislərdən ibarətdir. Biz bu qaydaları tezis halından çıxarıb bəzi məqamları dərinləşdirmək məcburiyyətindəyik. Çünki MŞ-yə daxil olan şikayətlərdə elə hallar olur ki, davranış qaydaları ümumi prinsipləri birləşdirdiyinə görə müəyyən edə bilmirik ki, hansı davranış qaydası pozulub", - Amaşov bildirib.

Azərbaycanda jurnalistlərin peşə davranış qaydaları Azərbaycan jurnalistlərinin birinci qurultayında, 2003-cü ilin martın 15-də qəbul olunub.

Mətbuat Şurasının sədri bununla bağlı müəyyən təkliflərin də olduğunu söyləyib.

"İndi daha geniş anlamda bu sahədə fəaliyyət göstərən beynəlxalq ekspertlətlə əlaqə saxlayırıq. Onlar öz təkliflərini veriblər. Bu təkliflərin bəziləri Azərbaycan jurnalistlərinin peşə davranış qaydalarının maddələri ilə üst-üstə düşür, bəziləri isə uyğun gəlmir. İndi bu məqamların müzakirələrini keçiririk", - Amaşov deyib.

Amaşov qeyd olunan təkliflərin müzakirəsi ilə bağlı bir sıra tədbirlərin təşkil ediləcəyini söyləyib.

MŞ sədri "Diffamasiya haqqında" qanun layihəsinin müzakirələri ilə bağlı son durum haqqında danışıb.

"Biz Avropaya inteqrasiya yolunu tutmuşuqsa, gec-tez biz də "Diffamasiya haqqında" qanun layihəsini qəbul etməliyik. Lakin Avropanın bir çox ölkələrində bu qanun hələ də qəbul olunmayıb. Böyük Britaniyada bu qanun bu il qəbul olunub. Ancaq proses bütün Avropa ölkələrində gedir və əvvəl-axır, bütün ölkələrdə qəbul olunacaq", - Amaşov deyib.

"Diffamasiya haqqında" qanun layihəsi 2005-ci ildə ATƏT-in Bakı ofisinin dəstəyi ilə hazırlanıb. Onu hazırlayan işçi qrupa millət vəkillləri Qənirə Paşayeva, Azay Quliyev, jurnalist təşkilatlarının nümayəndələri, hüquqşünaslar daxildirlər.

Beynəlxalq təşkilatlar hesab edirlər ki, təhqirə və böhtana görə cinayət məsuliyyəti nəzərdə tutulan 147-ci (böhtan) və 148-ci (təhqir) maddələri Cinayət Məcəlləsindən çıxarılmalıdır.

"Diffamasiya haqqında" qanun layihəsinin qəbulu ilə bağlı 2009-cu ilin mayında 6 jurnalist təşkilatı - Azərbaycan Jurnalistlər Birliyi, "Nəcəf Nəcəfov" Fondu, Jurnalistika və İnkişaf Mərkəzi, "Yeni Nəsil" Jurnalistlər Birliyi, Azərbaycan Media Mərkəzi və Demokratik Jurnalistlər Liqası Parlamentə müraciət etmişdi. Sonradan həmin müraciətə 400-ə yaxın KİV nümayəndəsi, jurnalist təşkilatlarının üzvləri də qoşulub. Qanun layihəsi ATƏT-in ekspertizasından keçirilib.

Xəbər lenti

Xəbər lenti