...

Azərbaycan və türk diasporları: birgə hədəflər

Cəmiyyət Materials 28 Sentyabr 2010 12:00 (UTC +04:00)
Azərbaycan və türk diasporları: birgə hədəflər
Azərbaycan və türk diasporları: birgə hədəflər

Azərbaycanın müstəqilliyini elan etdiyi ilk gündən etibarən, özünü Türk Dünyasının tərkib hissəsi hesab etməsi və türkdilli dövlətlərlə yaxınlaşma strategiyası öz təsrini diaspor qurumlarına da göstərməkdədir. Bu yaxınlıq daha çox özünü Türkiyə - Azərbaycan münasibətlərində göstərir. Siyasi ekspertlər hesab edirlər ki, Azərbaycan -Türkiyə münasibətlərində hər hansı bir mərhələ yoxdur. Bu münasibətlər, sözün bütün mənalarında, qardaşlıq münasibətləridir.

Hələ XX əsrdə Türkiyənin ulu öndəri, bütün Türk Dünyasının dahi şəxsiyyəti olan Mustafa Kamal Paşa Atatürkün "Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir" deməsi XX əsrin sonlarında Türk Dünyasının ən görkəmli şəxsiyyətlərindən olan, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin "Bir millət, iki dövlət" kəlamı Türkiyə - Azərbaycan münasibətlərinin mahiyyətini açıq şəkildə göstərir. Təsadüfi deyil ki, Azərbaycan müstəqilliyini elan etdikdən sonra, müstəqilliyimizi ilk tanıyan dövlət də məhz Türkiyə olub.

Azərbaycanlılarla türklərin isti münasibətləri özünü diaspor məsələsində də göstərir. Dövlətlərin qardaşlıq münasibətləri qürbət ölkələrdə yaşayan soydaşlarımızın da bir-birlərinə yaxınlaşmasına, bütöv bir güc kimi fəaliyyət göstərməsinə xidmət edir. Bu gün dünyada fəaliyyət göstərən türk və Azərbaycan diasporları bütün məqamlarda bir yerdədirlər. Xalqlarımızın taleyüklü məsələlərinin dünya ictimaiyyətinə çatdırılmasında, ölkələrimizin dünyada mövqelərinin güclənməsində diaspor təşkilatlarımız əhəmiyyətli rol oynayırlar.

Türk və Azərbaycan diasporlarının birlikdə fəaliyyət göstərməsində hər iki dövlətin marağı var. Həmin maraqların təmin olunması üçün əməli fəaliyyət də göstərilməkdədir. 2007-ci ilin mart ayında Azərbaycanın paytaxtı Bakıda keçirilən "Dünya Azərbaycan və türk diaspor təşkilatları rəhbərlərinin I Forumu" bu istiqamətdə atılan ən vacib addımlardandır. Əgər biz bir millət, iki dövlətiksə, onda bir millətin iki diasporu ola bilməz. Prezident İlham Əliyevin tədbirin keçirilməsi barədə təşəbbüsü də məhz bu prinsipə əsaslanırdı.

Azərbaycan Prezidenti İlham Əlyevin həmin tədbirdəki çıxışı zamanı nəzərə çatdırdığı məsələlər hər iki diaspor təşkilatlarının birlikdə olmasına Azərbaycan dövlətinin verdiyi önəmin bariz nümunəsi idi: "Biz bütün tədbirlərdə bərabər iştirak edirik, aramızda ən yüksək fikir birliyi var. Bəlkə də dünyada ikinci belə ölkələr yoxdur ki, bir-birinə bu qədər bağlı olsun. Həm xalqların etnik mənsubiyyəti baxımından, həm siyasi baxışlar, həm də ortaq maraqlar baxımından. Biz elə etməliyik ki, birliyimiz daha da güclənsin, hərtərəfli olsun. Təbii ki, bu işlərdə xaricdə yaşayan soydaşlarımızın da fəaliyyəti çox əhəmiyyətlidir".

Prezident İlham Əliyevin söylədiyi nitq zamanı qeyd etdiyi bu fikirlər iki qardaş ölkənin diasporlarının birgə fəaliyyətinin vacibliyini bir daha vurğulayır.

"Bizim gücümüz ondadır ki, bir-birimizə arxalanırıq. Müstəqilliyimizin ilk illərində Azərbaycanın dəstəyə çox böyük ehtiyacı vardı və biz onu yalnız Türkiyədən aldıq. Bu gün isə Azərbaycanın artan imkanları, potensialı, siyasi çəkisi, bölgədə oynadığı rolu və iqtisadi imkanları, öz növbəsində, Türkiyənin mövqelərinə də dəstəkdir", - Azərbaycan Prezidenti deyib.

Forumdakı çıxışı zamanı İlham Əliyev deyib ki, bu günə qədər geniş mənada dünya ictimaiyyətində  haqqımızda tam həqiqəti əks etdirən rəy yoxdur: "Bunun da səbəbləri var. Əleyhimizə çox güclü erməni lobbisi fəaliyyət göstərir. O, Türkiyə və Azərbaycana düşmənçilik mövqeyindədir və bizi ləkələmək, ölkələrimizdə gedən prosesləri təhrif etmək, yalan, böhtan kampaniyasını aparmaq onların əsas peşəsidir. Biz bunun qarşısına öz siyasətimizi,  təbliğat mexanizmimizi qoymalıyıq və qoyuruq. Ona görə xaricdə yaşayan soydaşlarımız daha da güclənməlidir, təşkilatlanma prosesi daha da sürətlə aparılmalıdır. Onlar yaşadıqları ölkələrin siyasi dairələrinə, siyasi təsisatlarına daha da fəal inteqrasiya etməlidirlər", - Prezdent Əliyev əlavə edib.

Ölkə başçısının dünya Azərbaycan və türk diaspor təşkilatları rəhbərlərinin qarşısında etdiyi bu çıxışı hər bir diaspor təşkilatının birgə fəaliyyət göstərməsinə stimul verir, onları daha çox təşkilatlanmağa çağırırdı.  

Türk diasporu nisbətən daha qədim tarixi ənənələrə sahib olduğu üçün nisbətən daha çox təşkilatlanıb. Qərb ölkələrində Azərbaycan və türk diasporları XIX əsrin sonu və XX əsrin əvvəllərində formalaşmağa başlasa da, Azərbaycan diasporları XX əsrin ortalarında mədəni dərnəklər kimi fəaliyyət göstərirdi. Azərbaycan diasporunun təşkilatlanması XX əsrin sonu və XXI əsrin əvvəllərinə təsadüf edir. Bu təşkilatlanmaya Azərbaycanın yürütdüyü diaspor siyasət ilə yanaşı, artıq xarici ölkələrdə formalaşmış türk diaspor təşkilatları da yardım göstərib.

Türkiyə - Azərbaycan diasporunun fəaliyyətinin birgə həyata keçirilməsi bir neçə istiqamətdə özünü göstərir. Bu istiqamətlər, əsasən, qondarma "erməni soyqırımı" ilə bağlı ermənilərin dünyadakı təbliğatına qarşı mübarizə aparmaq, əsl həqiqətləri dünya ictimaiyyətinin diqqətinə çatdırmaq, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətləri beynəlxalq birliyə çatdırmaq, Qarabağ müharibəsi zamanı ermənilərin azərbaycanlılara qarşı törətdikləri vandalizm aktları, xüsusilə də Xocalı soyqırımı ilə bağlı dünyanın məlumatlı olmasını təmin etmək və ədalətin bərpası üçün lazımi addımlar atmaq, Şimali Kipr Türk Respublikası ilə bağlı həqiqətləri dünya ictimaiyyətinə çatdırmaqdan ibarətdir.

Azərbaycan və türk diasporları qarşısında qoyulan əsas hədəflər yaşadıqları ölkələrin ictimai-siyasi həyatına sirayət etməkdirsə, digər vacib cəhət Avropa və ABŞ-ın nüfuzlu, ictimai rəyə təsir göstərə biləcək  kütləvi informasiya vasitələrində Xocalı qətliamı, Qarabağ münaqişəsi, qondarma "erməni soyqırımı" haqqında məqalələrin, xəbərlərin və ya verilişlərin yayılmasına nail olmaqdır.

Son iki il ərzində bu fəaliyyətə yeni bir istiqamət də əlavə olunub. Belə ki, Qərb dövlətlərinin Türkiyəyə təzyiq göstərərək, Dağlıq Qarabağ münaqişəsinin həll olunmasından öncə, Ermənistanla sərhədləri açmağı tələb etməsi də xaricdə yaşayan azərbaycanlıların və türklərin birlikdə fəaliyyət göstərməsini, Türkiyəyə qarşı yönələn təzyiqlərin qarşısını almaq üçün vahid  mövqe ortaya qoymasını tələb edir.

Bəs bu işin öhdəsindən diaspor təşkilatları necə gəlirlər? Bir millət iki dövlət prinsiplərini reallaşdırmaqda diasporlarımız necə fəaliyyət göstərirlər? Bu sahədə işləri görmək üçün internetdə hər hansı bir axtarış sistemində "Azərbaycan və türk diasporları" sözünü yazmaq kifayət edir ki, iki qardaş xalqın, daha doğrusu, bir millət, iki dövlətin xarici ölkələrdə yaşayan nümayəndələrinin apardıqları birgə işlər haqqında minlərlə informasiya əldə etmək olur. Bu informasiyalar, əsasən, diasporların birgə gördüyü işlər, həyata keçirdiyi tədbirlər haqqındadır.

Hər il aprelin 24-ü yaxınlaşan zaman dünyadakı erməni lobbisi fəaliyyətə keçir. Bu fəaliyyət, əsasən, qondarma "erməni soyqırımı"nın dünya dövlətləri tərəfindən tanınmasına istiqamətlənir. Bu fəaliyyət ermənilər tərəfindən ilboyu aparılsa da, həmin aprel ayında erməni lobbisi bütün gücünü ortaya qoyaraq, "soyqırım"ın tanınmasına çalışır.

Məlum məsələdir ki, bunlar ermənilərin Türkiyəni zəiflətməyə istiqamətlənmiş addımlarıdır. Ermənilər, demək olar ki, həmin işdə nəyəsə nail ola bilirlər də. Belə olan halda, tək Türkiyə və Azərbaycan dövlətlərinin birgə fəaliyyəti deyil, diasporların da güclərinin ortaya qoyulması tələb olunur. Diasporlarımız beynəlxalq təşkilatlara müraciətlər etməklə, müxtəlif aksiyalar keçirməklə dünyanın diqqətini Azərbaycanın və Türkiyənin mövqeyinə cəmləşdirə bilirlər. Beləliklə, erməni yalanlarına qarşı alternativ fikir ortaya qoyulmuş olur ki, bu da erməni yalanlarının ayaq açıb-yeriməsinə ciddi əngəllər törədir.

Ermənilərin Xocalıda azərbaycanlılara qarşı törətdikləri soyqırım faktının dünya ictimaiyyətinə çatdırılması və dünyada həmin hadisəyə lazımi qiymət verilməsi məsələsi də diasporlarımız qarşısında dayanan başlıca vəzifələrdəndir. Bu istiqamətdə bir sıra işlər görülməkdədir.

Heydər  Əliyev Fondunun Rusiya Federasiyasındakı Nümayəndəliyinin başçısı, İKGF-nin Mədəniyyətlərarası Dialoq üzrə Baş Koordinatoru Leyla xanım  Əliyevanın təşəbbüsü ilə həyata keçirilən "Xocalıya ədalət" kampaniyası da bu qəbildən təqdirəlayiq tədbirlərdəndir.

"Хocalıya  ədalət" kampaniyası  İslam Konfransı Təşkilatı Gənclər Forumunun Mədəniyyətlərarası Dialoq üzrə Baş Koordinatoru Leyla Əliyeva tərəfindən irəli sürülüb. Kampaniyaya 2008-ci il mayın 8-də -Şuşanın işğal günü start verilib. Bu kampaniyaya islam dövlətləri ilə yanaşı, türk diaspor təşkilatları da yaxından kömək göstəriblər.

Türk və Azərbaycan diasporlarının işbirliyi ilə yanaşı, bəzi problemlər də mövcuddur.
Türk və Azərbaycan diasporlarının Avropa və ABŞ-da bəzi zəif cəhətləri var; bunun da özünəməxsus səbəbləri var. İlk öncə ona görə ki, Qərb ölkələrində diasporlarımızın formalaşma tarixi XIX və XX əsrlərə təsadüf etsə də, yəhudi, yunan və digər diaspor təşkilatları ilə müqayisədə zəif təşkilatlanıb. Hətta diasporların təşkilatlanmasına maneçilik törədən bəzi subyektiv amillər də mövcuddur. Türk diasporları sıralarında dini dəyərlərə söykənən, dövlət və millət maraqlarını ikinci və hətta üçüncü səviyyədə görən, solçu siyasi ideologiyaya sahib olan və milliyyətçi dünyagörüşünə malik insanların mövcudluğu bəzi hallarda xarici ölkələrdə yaşayan bütün türklərin bir güc kimi birləşməsinə mane olur. İnsanların fərqli düşüncəyə sahib olmaları milli və dövlət mənafeləri yönündə fikir müxtəlifliyi yaradır.

Azərbaycan diasporları arasında da fikir ayrılığı yox deyildir. Belə ki, xaricdə yaşayan soydaşlarımız iqtidaryönümlü və müxalifyönümlü təşkilatlar yaradıblar. Siyasi dünyagörüşü diaspor fəaliyyətində də ciddi fəsadlarla nəticələnir ki, bu da təəssüf doğuran haldır.

Bu məqamda Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin məşhur kəlamı yada düşür: "Azadlıq və istiqlaliyyət hər bir xalqın milli sərvətidir". Müstəqilliyin Azərbaycan xalqının milli sərvəti olduğunu dərk edən hər bir şəxs müstəqilliyimizin qorunub-saxlanılması, dövlətçiliyimizin daha da inkişaf etməsi üçün əlindən gələni etməli, birgə fəaliyyət göstərməli, müstəqilliyimizə və dövlətçiliyimizə qarşı yönələn təhdidlərə qarşı tədbirlər görməlidir. Çünki bu dövlət, harada yaşamasından asılı olmayaraq, hər bir azərbaycanlının Vətənidir. Milli sərvətimiz olan müstəqilliyimizi qorumaq hər birimizin borcudur.

Məhz buna görə də Azərbaycan və türk diasporları daha yaxşı nəticələr əldə etmək üçün, dövlətlərimizin inkişafı naminə bütün siyasi dünyagörüşü məsələləri kənara qoymalı və hər  sahədə bir fəaliyyət göstərməlidirlər. Bunun üçün dünyada güclü lobbiçilik və diaspor təşkilatı ənənələrinə sahib olan xalqların təcrübələrini mənimsəməlidirlər.

Müəllif: T.Hacıyev

28 sentyabr

Yazı Azərbaycan Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun layihəsi əsasında hazırlanıb

Layihə çərçivəsində hazırlanan yazılar aşağıdakı linqlərdir:

http://az.trend.az/news/society/diaspora/1751056.html


http://az.trend.az/news/society/diaspora/1753599.html


http://az.trend.az/news/society/diaspora/1755854.html

Xəbər lenti

Xəbər lenti