...

Azərbaycan insan alveri ilə mübarizə üzrə beynəlxalq konfransda təmsil olunacaq

Cəmiyyət Materials 28 Sentyabr 2010 13:18 (UTC +04:00)
Azərbaycan dekabrın 10-12-də Misirin Luhor şəhərində keçiriləcək insan alveri ilə mübarizəyə həsr edilmiş beynəlxalq konfransda təmsil olunacaq.
Azərbaycan insan alveri ilə mübarizə üzrə beynəlxalq konfransda təmsil olunacaq

Azərbaycan, Bakı, 28 sentyabr /Trend, müxbir S. Ağayeva/

Azərbaycan dekabrın 10-12-də Misirin Luhor şəhərində keçiriləcək insan alveri ilə mübarizəyə həsr edilmiş beynəlxalq konfransda təmsil olunacaq.

Konfrans Misirin birinci xanımı Suzan Mübarəkin rəhbərliyi altında təşkil olunub. Konfransda ABŞ dövlət katibi Hillari Klinton, BMT-nin Baş katibi Pan Gi Mun, dövlət və hökumət rəhbərləri, bir çox ölkələrin birinci xanımlarının iştirakı gözlənilir. Bu barədə çərşənbə axşamı Trend-ə "YES Azərbaycan" məşvərət qrupunun üzvü Rövşən Muradov deyib.

"İnsan alverinə son qoyaq!" kampaniyası Azərbaycanda 2009-cu ildə "YES Azərbaycan" və "Azercell Telecom"un dəstəyi altında Ailə, Qadın və Uşaq Məsələləri üzrə Dövlət Komitəsinin təşəbbüsü ilə başlayıb.

Kampaniya çərçivəsində Azərbaycana Polşanın birinci xanımı İolanta Kvasnevskaya, Belçika Senatının fəxri sədri Anna Mari-Lizin, BMT-nin keçmiş Baş katibi Kofi Annanın məsləhətçisi İsmayıl Serageldin, Latviyanın sabiq Prezidenti Vayra Vike-Freyberq gəliblər.

YES (Youth Employment System) 2002-ci ildə Misirin birinci xanımı Suzan Mübarəkin təşəbbüsü ilə yaradılıb. Təşkilatın birinci sammiti 2002-ci ildə Misirdə keçirilib.

Misirdəki görüşdə qəbul olunmuş qərara əsasən, təşkilat hər iki ildən bir sammit keçirməklə 10 il fəaliyyət göstərəcək. Dördüncü sammit 2008-ci ildə Bakıda - Azərbaycan hökumətinin dəstəyi ilə Misir və Azərbaycanın birinci xanımları Suzan Mübarək və Mehriban Əliyevanın sədrliyi altında keçirilib.

Növbəti sammitin Latviya və İrlandiyanın keçmiş prezidentləri Vayra Vike-Freyberq və Meri Robinson və İsgəndəriyyə kitabxanasının direktoru İsmayıl Serageldinin sədrliyi altında İsveçin Dalarna şəhərində keçirilməsi planlaşdırılır.

YES-in (Youth Employment System) dünya üzrə 55 nümayəndəliyi var. Azərbaycan həm regional rəhbərlik, həm də beynəlxalq məşvərət qrupunda təmsil olunacaq.

"YES Azərbaycan" dostluq qrupuna Misirin birinci xanımı Suzan Mübarək, İsgəndəriyyə kitabxanasının direktoru İsmayıl Serageldin, YUNESKO-un xoşməramlı səfiri Marianna Vardinoyannis, Belçika Senatının fəxri sədri Anna Mari-Lizin, Latviyanın keçmiş Prezidenti Vayra Vike-Freyberq, İrlandiyanın keçmiş Prezidenti Meri Robinson, Kosta-Rikanın sabiq Prezidenti Mariya İpolito Fiqers Ferrer daxildirlər.

Xəbər lenti

Xəbər lenti