...

Avropa Şurasında TÜRKSOY-un rəsm sərgisinin açılış mərasimi olub

Cəmiyyət Materials 7 Oktyabr 2010 19:18 (UTC +04:00)
Oktyabrın 7-də Avorpa Şurası Parlament Assambleyasının (AŞ PA) payız sessiyası çərçivəsində qurumun əsas binasında Türk Mədənyyəti Beynəlxalq Təşkilatı - TÜRKSOY-un dəstəyi ilə təşkil edilən "TÜRKSOY rəsm sərgisi"nin rəsmi açılış mərasimi keçirilib.
Avropa Şurasında TÜRKSOY-un rəsm sərgisinin açılış mərasimi olub

Fransa, Strasburq, 7 oktyabr /Trend, müxbir A.Məhərrəmli/

Oktyabrın 7-də Avorpa Şurası Parlament Assambleyasının (AŞ PA) payız sessiyası çərçivəsində qurumun əsas binasında Türk Mədənyyəti Beynəlxalq Təşkilatı - TÜRKSOY-un dəstəyi ilə təşkil edilən "TÜRKSOY rəsm sərgisi"nin rəsmi açılış mərasimi keçirilib.

2010 - Mədəniyyətlərarası Dialoq İli çərçivəsində keçirilən bu sərgi Türk mədəniyyətini dünyaya tanıtmaq məqsədilə təşkil olunub.

Sərginin açılış mərasimində AŞ PA sədri Mövlud Çavuşoğlu, TÜRKSOY-un baş katibi Dussen Kaseinov, Türkiyənin birinci xanımı Hayrunnisa Gül, Azərbaycanın qurumdakı nümayəndə heyətinin sədri Səməd Seyidov və nümayəndə heyətinin digər üzvləri, Qazaxıstandan olan nümayəndələr, Azərbaycan və Türkiyənin Avropa Şurasındakı daimi nümayəndələri Arif Məmmədov və Dəryal Batıbəy, habelə təşkilatın yüksək vəzifəli şəxsləri, avropalı deputatlar və digər rəsmilər iştirak edib.
Oktyabrın 4-dən 8-dək keçiriləcək sərgidə Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkmənistan, Türkiyə, Rusiya Federasiyasına daxil olan Tatarıstan, Başqırdıstan, Tuva, Altay, Saxa/Yakutiya, Xakasiya, Moldovanın Qaqauz Yeri, Ukraynanın Krım Muxrar Vilayəti, Bolqarıstan və digər ölkələrdən olan rəssamların seçilmiş əsərləri nümayiş etdirilir.

Rəsmi açılış mərasimində AŞ PA prezidenti Mövlud Çavuşoğlu, TÜRKSOY-un baş katibi Dussen Kaseinov və Azərbaycanın Avropa Şurası yanında daimi nümayəndəsi, səfir Arif Məmmədov çıxış edib.

AŞ PA prezidenti Mövlud Çavuşoğlu öz çıxışında TÜRKSOY-un Türk dünyasının dəyişik bölgələrindən gələn bu çox dəyərli əsərlərin nümayiş etdirildiyi və beləliklə, Türk dünyasının mədəniyyətini təbliğ edən bu sərgisini açmaqdan şərəf duyduğunu bildirib. "Bu sərgi mədəniyyətlərarası dialoq, qarşlılqlı anlaşma, mədəni müxtəlifliyə hörmət və onu tanıtmaq baxımından çox önəmlidir", - o deyib.

TÜRKSOY-un baş katibi Kaseinov öz çıxışında Türkiyənin birinci xanımı Hayrunnisa Gülün sərgidə iştirakından məmnunluq hissi keçirdiyini bildirib və sözügedən sərginin uğurla keçirilməsində göstərdiyi dəstəyə görə AŞ PA sədri Mövlud Çavuşoğluna təşəkkür edib. Kaseinov təşkilat haqqında, onun məqsəd və prinsipləri haqqında məlumat verib.

"TÜRKSOY türkdilli xalqların mədəniyyət və incəsənət sahəsində öz aralarında əməkdaşlığının qurulmasına yönəlmiş beynəlxalq təşkilatdır. O, 1993-cü ildə Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkmənistan və Türkiyənin mədəniyyət nazirlərinin görüşü zamanı yaradılıb. Sonradan Rusiyadan altı bölgə və Moldovanın Qaqauz Yeri TÜRKSOY-a müşahidəçi kimi qoşulub. TÜRKSOY YUNESKO ilə eyni məqsəd və prinsipləri daşıyır. Biz YUNESKO və İSESKO ilə (Təhsil, Elm və Mədəni Əməkdaşlıq üzrə Hökumətlərarası Fond) çoxsahəli mədəni layihələr üzrə əməkdaşlıq edirik. TÜRKSOY-un əsas məqsədlərindən biri türkdilli xalqlar arasında ümumi mülki irsin saxlanılması və inkişaf etdirilməsidir. Bu məqsədlə biz bir çox beynəlxalq mədəni tədbirlər keçirmişik. Bu xüsusda, ənənəvi Novruz bayramının, opera günlərinin təşkilini, habelə sərgilərin, festivalların, konsertlərin və s. təşkilini göstərə bilərik. Hazırkı sərgidə 1998-ci ildən bu yana 13 dəfə nümayiş etdirilmiş TÜRKSOY rəssamlarının əl işləri nümayiş etdirilir", - Kaseinov bildirib.

O, mədəni təcrübələrin mübadiləsinin vacibliyini də vurğulayıb.

"Biz mədəni təcrübələrin mübadiləsinə inanırıq. Bu ilin əvvəlində TÜRKSOY Paris və Strasburqda Novruz bayramı şənliklərini təşkil edib. Çox şadıq ki, yeni bir mədəni tədbirlə bağlı burada yığışmışıq. Mən rəssamlara, eləcə də Azərbaycan və Türkiyənin Avropa Şurası yanında Daimi Nümayəndəliklərinə göstərdikləri yardıma görə dərin təşəkkürümü bildirirəm. Ümid edirəm ki, biz bacarıqlı rəssamların əl işlərindən həzz alacağıq", - baş katib qeyd edib.

Azərbaycanın Avropa Şurasındakı daimi nümayəndəsi Arif Məmmədov çıxış edərək belə bir sərginin Avropa ictimaiyyətinin Azərbaycandan Tatarıstanadək, Türkiyədən Yakutiyayadək geniş bir ərazidə yaşayan türkdilli xalqların düşüncələri barədə məlumat əldə etməsi üçün gözəl bir imkan yaratdığını qeyd edib.

"Bu böyük ailənin bir hissəsi kimi, mənim ölkəm daima türk irsinə böyük əhəmiyyət verib, eyni zamanda, Avropa dəyərləri və ideyalarını könüllü şəkildə qəbul etməkdədir. Məhz bu səbəbdəndir ki, biz mədəniyyətlər və dinlər, Şimal və Cənub, Şərq və Qərb arasında dialoqa xüsusi diqqət yetiririk. 2008-ci ilin dekabrında Bakıda keçirilən Avropa Şurası mədəniyyət nazirlərinin konfransında əsası qoyulmuş "İncəsənət xadimləri dialoq naminə" layihəsini başlayarkən, biz rəssamların mədəniyyətlərarası dialoqun "mənasız səslər toplusu"na bənzər bir proses deyil, mükəmməl bir orkestr kimi həyata keçirilməsində aparıcı qüvvə olduğunu göstərən bir ideyanın doğruluğuna inanmışdıq. Hazırda biz əldə etdiklərimizə və qarşıda bizi daha çox işin gözlədiyinə diqqət yetirdikdə, zəhmətimizin hədər getmədiyini görürük. Mən həmçinin bu prosesə şəxsi bağlılıq da hiss edirəm. Belə ki, yaxın zamanlarda AŞ Nazirlər Komitəsinin Təhsil, Mədəniyyət, İdman, Gənclər və Ətraf mühit üzrə məruzəçilər qrupunun sədri təyin olunmuşam. Bu sahədə fəallığımı hazırkı postda vəzifəm kimi qəbul edirəm. Ümid edirəm ki, hamımız bu istedadlı rəssamların əl işlərindən məmnun qalacağıq", - Arif Məmmədov bildirib.

Mərasimdə TÜRKSOY-un baş katibi Dussen Kaseinov Azərbaycanın əməkdar rəssamı, YUNESKO Rəssamlar Federasiyasının üzvü Əşrəf Heybətovun "Sivilizasiyaların dialoqu" adlı rəsm əsərini təşkilatın adından AŞ PA prezidenti Mövlud Çavuşoğluna hədiyyə edib.

Açılış mərasimində TÜRKSOY-un gənc kvartetinin ifasında musiqi əsərləri, o cümlədən Üzeyir Hacıbəyovun "Arazbarı", Qara Qarayevin "Üç miniatür" əsərləri ifa olunub və iştirakçılara müxtəlif suvenirlər təqdim edilib.

Yazı Azərbaycan Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun layihəsi əsasında hazırlanıb

Layihə ilə bağlı yazılar aşağıdakı linqlərdir

http://az.trend.az/news/society/diaspora/1762913.html

http://az.trend.az/news/society/diaspora/1761223.html

http://az.trend.az/news/society/diaspora/1760042.html

http://az.trend.az/news/society/diaspora/1759567.html

http://az.trend.az/news/society/diaspora/1760841.html

http://az.trend.az/news/society/diaspora/1751056.html


http://az.trend.az/news/society/diaspora/1753599.html


http://az.trend.az/news/society/diaspora/1755854.html

http://az.trend.az/news/society/diaspora/1757632.html

Xəbər lenti

Xəbər lenti