...

Azərbaycan Prezidentinin adından şəhid hərbçilərimizin xatirəsinə ehsan verilib - QMİ

Cəmiyyət Materials 11 Noyabr 2010 15:40 (UTC +04:00)
Bakının Təzəpir məscidində Azərbaycan Prezidenti, Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyev adından Milli Qəhrəman Mübariz İbrahimov və "İgidliyə görə" medalı ilə təltif olunmuş baş leytenant Fərid Əhmədovun xatirəsinə ehsan mərasimi keçirilib.
Azərbaycan Prezidentinin adından şəhid hərbçilərimizin xatirəsinə ehsan verilib - QMİ

Azərbaycan, Bakı, 11 noyabr /Trend, müxbir T.Hacıyev/

Bakının Təzəpir məscidində Azərbaycan Prezidenti, Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyev adından Milli Qəhrəman Mübariz İbrahimov və "İgidliyə görə" medalı ilə təltif olunmuş baş leytenant Fərid Əhmədovun xatirəsinə ehsan mərasimi keçirilib. Məlumatı cümə axşamı Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) məbuat xidməti yayıb.

Dövlət başçısının adından təşkil olunan mərasimdə şəhidlərin valideynləri, yaxınları və qohumları iştirak ediblər. Mərasimdə QMİ sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə Prezident İlham Əliyevin adından və şəxsən öz adından şəhidlərin valideynlərinə və yaxınlarına dərin hüznlə başsağlığı verib. Şeyxülislam Paşazadə şəhidlərə, onların ailələrinə dövlət qayğısının, müqəddəs ruhlarına dərin ehtiramın böyük önəm kəsb etdiyini bildirib və bu sahədə Prezident İlham Əliyevin səylərini yüksək dəyərləndirib.

Tədbirə qatılan Daxili İşlər və Müdafiə nazirliklərinin rəhbərliyi və şəxsi heyəti, Bakı şəhər İcra Hakimiyyətinin rəhbərliyi, ictimai-siyasi xadimlər, ziyalılar və ictimaiyyət nümayəndələri şəhidlərin yaxın və qohumlarına başsağlığı veriblər.

Mərasim iştirakçıları şəhidlərin mübarək məzarlarını da ziyarət ediblər.

Gizir Mübariz İbrahimov bu il iyunun 18-də, zabit Fərid Əhmədov isə sentyabrın 4-də cəbhənin Tərtər istiqamətində düşmənin hücumunu dəf edərkən qəhrəmancasına şəhid olublar.

Azərbaycan Respublikası Prezidentinin 22 iyul tarixli sərəncamına əsasən, Mübariz Ağakərim oğlu İbrahimova Azərbaycanın ərazi bütövlüyünün və müstəqilliyinin qorunmasında müstəsna xidmətlərinə görə Azərbaycanın Milli Qəhrəmanı (ölümündən sonra) adı verilib.

Oktyabrın 27-də Həştərxanda Azərbaycan, Rusiya və Ermənistan prezidentləri İlham Əliyev, Dmitri Medvedev və Serj Sarkisyan arasında üçtərəfli görüş keçirilib. Görüşün yekunları üzrə imzalanan Birgə Bəyannamədə deyilir: "Ermənistan və Azərbaycan prezidentləri ilk addım kimi ATƏT-in Minsk qrupunun və Beynəlxalq Qırmızı Xaç Komitəsinin dəstəyi ilə hərbi əsirlərin və həlak olanların meyitlərinin mübadiləsini etmək barədə razılığa gəliblər".

Noyabrın 4-də Azərbaycan erməni tərəfinə intihar edən Manvel Sarıbekyanı təhvil verib, Ermənistan isə Azərbaycan vətəndaşı Eldar Tağıyevi əsirlikdən azad edib.

Noyabrın 6-da Ermənistan Azərbaycan tərəfə hərbi qulluqçular Mübariz İbrahimov və Fərid Əhmədovun meyitlərini qaytarıb.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Xəbər lenti

Xəbər lenti