Azərbaycan, Bakı, 9 dekabr /Trend, müxbir T.Hacıyev/
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi gələn il küçə uşaqları, erkən nikah və uşaqların təhsil problemləri ilə bağlı layihələr həyata keçirəcək.
"Küçə uşaqları, erkən nikah, uşaqların təhsil problemlərinin həlli ilə bağlı gələn il bir neçə dövlət qurumları ilə birlikdə layihəyələr həyata keçiriləcək", - cümə axşamı jurnalistlərə Dövlət Komitəsinin sədri Hicran Hüseynova bildirib.
O, deyib ki, əvvəllər erkən nikah halları əsasən cənub bölgəsində müşahidə olunurdu.
"Son illərlə müqayisədə erkən nikah halları azalır. Araşdırmalar aparılarkən ailələrin belə halları gizlətməsi tədqiqatı çətinləşdirir. Ona görə də, biz tədqiqat qruplarına elə adamlar cəlb edirik ki, insanlarla ünsiyyətdə ola bilsinlər" - Dövlət Komitəsinin sədri əlavə edib.
Hüseynova ailə planlaşdırma problemləri ilə bağlı araşdırma aparıldığını və dekabrın sonuna qədər onun təqdimatını keçirəcəyini deyib.
Azərbaycanda qızların nikah yaşının 18-ə qaldırılması ilə bağlı Ailə Məcəlləsinə dəyişiklik təklif olunub.
Erkən nikah yaşı 18-dən az olan uşaq və yeniyetmələrin evlənməsidir. Bu yaş Uşaq Hüquqları Konvensiyasında uşaqların müdafiəsi ilə bağlı ən yuxarı yaş həddidir.
Azərbaycanda erkən yaşda bağlanan nikahların səbəb və nəticələri daxil olmaqla, belə nikahların mahiyyətinin təhlili Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən YUNİSEF-in yerli ofisinin dəstəyi və Beynəlxalq Sosial Araşdırmalar Mərkəzi ilə əməkdaşlıq sayəsində hazırlanıb.
YUNİSEF-in statistikasına görə, azyaşlı qadınlar sağlamlıq üçün zərərli olan erkən hamiləlik, cinsi yolla ötürülən infeksiya ilə üzləşməli olurlar. 18 yaşına çatmayan anaların həyatının ilk ilində yeni doğulan körpələr arasında ölüm riski yaşlı qadının dünyaya gətirdiyi körpədən 60 faiz çoxdur.