...

Macarıstanda ümummilli lideri Heydər Əliyevin xatirəsinə həsr olunmuş simfonik konsert keçirilib

Cəmiyyət Materials 9 Dekabr 2010 15:10 (UTC +04:00)
Macarıstanda Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xatirəsinə həsr olunmuş simfonik konsert keçirilib.
Macarıstanda ümummilli lideri Heydər Əliyevin xatirəsinə həsr olunmuş simfonik konsert keçirilib

Azərbaycan, Bakı, 9 dekabr /Trend, müxbir T.Hacıyev/

Macarıstanda Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xatirəsinə həsr olunmuş simfonik konsert keçirilib. Bu barədə məlumatı cümə axşamı Azərbaycanın Macarıstandakı səfirliyi yayıb.

Dekabrın 8-də təşkil olunan konsert Azərbaycanın Macarıstandakı səfirliyinin təşəbbüsü və təşkilatçılığı ilə Budapeştin mərkəzindəki Duna Palota konsert zalında keçirilib. Konsertdə Duna Simfonik Orkestri ilə birgə tanınmış pianoçu və bəstəkar, Azərbaycanın əməkdar artisti, Bakı Musiqi Akademiyasının prorektoru Yeganə Axundova çıxış edib.

Konsertdən öncə qısa giriş sözü ilə çıxış edən Azərbaycanın Macarıstandakı səfiri Vilayət Quliyev ümummilli lider Heydər Əliyevin anım gününün məhz Azərbaycan və xarici bəstəkarların əsərlərindən təşkil olunmuş simfonik konsert ilə qeyd edilməsinin təsadüfi olmadığını bildirib. Səfir tarixin çox çətin sınaq anında Azərbaycana rəhbərlik etmiş Heydər Əliyevin çoxcəhətli fəaliyyətini səciyyələndirərək onun eyni zamanda, mədəniyyətin böyük dostu, yüksək musiqi duyumu və zövqü olan böyük şəxsiyyət olduğunu vurğulayıb.

Konsertin birinci hissəsində Duna Simfonik Orkestrinin ifasında Azərbaycan bəstəkarları Üzeyir Hacıbəylinin "Koroğlu" operasından uvertüra və Qara Qarayevin "Yeddi gözəl" baletindən vals, habelə macar bəstəkarı Ferens Listin "Prelüdləri" səsləndirilib.

Konsertin ikinci hissəsində Axundova Duna Simfonik Orkestrinin müşayiəti ilə rus bəstəkarı S.Raxmaninovun fortepiano və simfonik orkestr üçün "Paqanini mövzusunda rapsodiya"sını ifa edib. Axundovanın ifası macar tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb.

Konsertdə Macarıstanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri, Azərbaycan diasporu, macar elmi və musiqi ictimaiyyətinin təmsilçiləri iştirak ediblər.

Ümummilli lider Heydər Əliyev 2003-cü il dekabrın 12-də vəfat edib.

Xəbər lenti

Xəbər lenti