Azərbaycan, Bakı, 15 yanvar /Trend, müxbir K.Zərbalıyeva/
Ötən il Bakı şəhər yol polisi əməkdaşları tərəfindən 527 min 204 hüquqpozma faktı ilə bağlı protokol tərtib olunub.
Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov şənbə günü Trend-ə bildirib ki, ötən il qeydə alınan hüquqpozmalardan 9 min 161-i avtomobillərin sərxoş idarə olunması, 3 588-i qəza şəraiti yaratma, 2449-u polisə tabe olmama, 15845-i işıqforun qırmızı işığında keçmə, 978-i avtomobillərin nömrəsiz idarə olunması, 2961-i sərnişindaşıma qaydalarının pozulması, 480-i avtoxuliqanlıq, 10326-sı avtomobillərin vəsiqəsiz idarə olunması, 5787-si isə avtomobillərə qadağan olunmuş pərdə və plyonka vurulması ilə bağlıdır.
Əsədov deyib ki, hesabat dövründə 9959 piyada inzibati məsuliyyətə cəlb edilib və onların hər biri 10 manat məbləğində cərimələniblər.
16 yol nəqliyyat hadisəsinin piyadaların günahı üzündən baş verdiyini deyən Əsədov bildirib ki, həmin piyadalar cinayət məsuliyyətinə cəlb olunublar.
Ötən il avtobuslar tərəfindən törədilən 86 yol qəzası zamanı 28 nəfər ölüb, 79 nəfər xəsarət alıb.