Azərbaycan, Bakı, 14 fevral /Trend, müxbir M.Əliyev/
Azərbaycanın ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov ətraf mühit bölməsi üzrə Avropa Nazirlər Şurasının üzvü seçilib. Bu barədə bazar ertəsi Trend-ə nazirliyin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova bildirib.
O, deyib ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinə Ümumdünya Səhiyyə Təşkilatının Avropa regional bürosunun direktoru Suzanna Jeykob və BMT-nin Avropa İqtisad Komissiyasının baş katibinin müavini Jan Kubişin imzası ilə məktub daxil olub.
Məktubda qeyd olunub ki, BMT-nin Avropa İqtisad Komissiyasının ekoloji siyasət üzrə komitəsinin Cenevrə şəhərində keçirilən 17-ci sessiyasında Azərbaycan, Belarus, Rumıniya və Türkiyənin ətraf mühit nazirləri ətraf mühit bölməsi üzrə Avropa Nazirlər Şurasının üzvü seçiliblər.
BMT-nin Avropa İqtisad Komissiyasının Nazirlər Şurasının birinci iclasının apreldə keçirilməsi nəzərdə tutulub.