Azərbaycan, Bakı, 21 fevral /Trend, müxbir T.Hacıyev/
Bəzi rusdilli saytlarda Azərbaycanda yaşayan etnik gürcülər barədə yayılan məlumatların heç bir əsası yoxdur. Bu barədə bazar ertəsi Trend-ə "Gürcüstan mənim vətənimdir" İctimai Birliyinin sədri Əli Babayev, bəzi rusdilli saytlarda Azərbaycanda yaşayan etnik gürcülərin hüquqlarının pozulması barədə yayılan məlumatları şərh edərkən deyib.
"Bu cür məlumatların yayılmasında Azərbaycan-Gürcüstan arasında dostluq münasibətlərinə xələl gətirmək istəyən üçüncü tərəf maraqlıdır. Bəzi saytlarda "Azərbaycanda yaşayan etnik gürcülərin hüquqları pozulur" başlıqlı məqalələrdə nə hansısa mənbəyə istinad, nə də məqalə müəllifinin adı var. Azərbaycanda yaşayan gürcülərin müəyyən sosial problemlərini işqıqlandırmaqdansa, həmin saytlar mövcud olmayan problemlər barədə qərəzli və şişirdilmiş şəkildə yazıb. Erməni saytları da bu saytlara istinadən həmin məqalələri yaymaqda xüsusi canfəşanlıq edib", - Babayev bildirib.
Azərbaycanda yaşayan gürcü ailələrində yeni doğulan uşaqlara gürcü mənşəli adların qoyulmasına icazənin verilməməsi ilə bağlı məlumatlara gəlincə, Babayev qeyd edib ki, özü dəfələrlə Qax, Balakən, Zaqatala rayonlarında olub və yerli gürcü əhalinin problemləri ilə maraqlanıb.
"Uşaqlara gürcü mənşəli adların qoyulmasında qadağaların olması barədə məlumatlar həqiqətəuyğun deyil. Övladlarına Azərbaycan mənşəli adların qoyulması valideynlərin öz istəkləri ilə olur. Heç bir məcburiyyət və qadağa yoxdur. Məsələn, Gürcüstanda yaşayan azərbaycanlı ailələr arasında da yeni doğulan uşaqlara gürcü adlarının qoyulması hallarına rast gəlinir", - o, vurğulayıb.
Babayev xatırladıb ki, o, dəfələrlə Gürcüstanda yaşayan azərbaycanlılar və Azərbaycanda yaşayan gürcülərin problemlərinin araşdırılması üçün birgə işçi qrupun yaradılmasını təklif edib.
"Bu ideya çox aktualdır. Deputatlar və ictimaiyyət nümayəndələrindən ibarət olacaq işçi qrupun fəaliyyəti təxribat xarakterli məlumatların qarşısını alacaq. Həm Azərbaycan, həm də Gürcüstan ictimaiyyətinə mövcud problemlər barədə tərəfsiz hesabatlar təqdim oluna bilər", - o, qeyd edib.