Azərbaycan, Bakı, 21 fevral /Trend, müxbir M.Əliyev/
Küveytdə müsəlman ölkələrinin beynəlxalq sərgisinin açılış mərasimi keçirilib. Azərbaycanın Küveytdəki səfirliyi sərgidə iki mövzu-ekspozisiya ilə iştirak edir. Trend-in məlumatına görə, bu barədə bazar ertəsi Azərbaycanın Küveytdəki səfirliyindən bildiriblər.
Səfirliyin təqdim etdiyi ekspozisiyalardan biri Xocalı soyqırımının 19-cu ildönümünə həsr olunub. Burada qurulmuş stendlərdə "Xocalı uşaqların gözü ilə" rəsmləri nümayiş etdirilir. Ekspozisiya çərçivəsində səfirliyin təşəbbüsü və dəstəyi ilə ərəb dilinə yeni nəşr olunmuş "Xocalı soyqırımı" kitabının və Xocalı faciəsini Küveyt ictimaiyyətinə çatdıran filmin ərəb dilində CD variantının təqdimatı keçirilib.
Küveytin vəqflər və islam işləri nazirinin müavini, ölkənin tanınmış siyasi-ictimai xadimi Adil Abdullah Ol-Falah Azərbaycan ekspozisiya məkanını ziyarat edərək, burada nümayiş etdirilən rəsmlər və nəşrlərlə yaxından maraqlanıb.
Səfirliyin nümayiş etdirdiyi digər stendlərdə isə Azərbaycanın füsunkar təbiəti, qədim tarixi, zəngin mədəniyyəti, sürətlə inkişaf edən iqtisadiyyatı, böyük turizm potensialından ətraflı bəhs edən foto-şəkillər və video-film, sənətkarların əl işləri nümayiş etdirilir.
Beynəlxalq sərgidə nümayiş etdirilən Azərbaycan ekspozisiyasına gün ərzində 200-dan artıq şəxs tamaşa edib, ekspozisiya Küveyt ictimaiyyəti və KİV, eyni zamanda Küveytdə akkreditə olunmuş səfirliklərin nümayəndələrinin va dünyanın müxtəlif ölkələrindən sərgidə iştirak edən insanların diqqət mərkəzində olub.
Sərgi üç gün davam edəcək.