Azərbaycan, Bakı, 26 fevral /Trend, müxbir M.Əliyev/
Azərbaycanda qanunsuz ov edən yeddi nəfər saxlanılıb. Trend-in məlumatına görə, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyindən şənbə günü bildiriblər.
Nazirliyin aidiyyəti qurumlarının əməkdaşları tərəfindən keçirilən reydlər zamanı Ağgöl Milli Parkının ərazisində ov edən bir nəfər saxlanılıb və ondan 1 ədəd ov tüfəngi götürülüb. Cəlilabadda isə reydlər zamanı qanunsuz ov edən Tofiq Hacıyev saxlanılıb və ondan 1 ədəd ov tüfəngi, 7 ədəd patron götürülərək 1000 manat məbləğində cərimə edilib. İsmayıllı rayonunda isə göllərdə qanunsuz ovla məşğul olan Vüsal Xələfov, Rəşad Şahbazzadə, Cavanşir Xələfov, Tərlan Babayev və Gündüz Həmzəyev saxlanılıb, onlardan ümumilikdə 5 ədəd ov tüfəngi götürülərək, qanun pozucuları 1000 manat məbləğində cərimə olunublar.
Xaçmaz rayonunun Nərəcan kəndi ərazisində aparılan araşdırma zamanı isə çöl quşlarının kütləvi ovlanması məqsədilə quraşdırılmış süni qurğular və torlar aşkar olunub. Qurğular dağıdılaraq məhv edilib, torlar isə yandırılıb.
Kürdəmir şəhərində keçirilən reyd zamanı dəmiryol stansiyasının yaxınlığındakı kafedə ov quşlarının satışı aşkar olunub və aktlaşdırılıb. Götürülmüş 2 ədəd ördək və 3 ədəd qaşqaldaq yandırılaraq məhv edilib.