Azərbaycan, Bakı, 28 fevral /Trend/
Azərbaycan ombudsmanı 2010-cu il üçün hesabatı Prezidentə təqdim edib. Bu barədə bazar ertəsi Trend-ə Ombudsman Aparatından məlumat verilib.
"Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında" Konstitusiya Qanununun 14-cü maddəsinə əsasən, ombudsmanın illik məruzəsi cari il bitdikdən sonra iki aydan gec olmayaraq, Azərbaycan Prezidentinə təqdim edilməli, Milli Məclisə, Nazirlər Kabinetinə, Konstitusiya Məhkəməsinə, Ali Məhkəməyə və baş prokurora göndərilməlidir.
İllik məruzə bazar ertəsi Azərbaycan Prezidentinə və Konstitusiya Qanunu ilə müəyyən edilmiş qaydada digər dövlət qurumlarına göndərilib.
"Azərbaycanda insan hüquqlarının və azadlıqlarının təmin edilməsi və müdafiəsinin vəziyyəti haqqında" 2010-cu il üzrə illik məruzədə müvəkkilin Azərbaycan Konstitusiyasında və ölkəmizin tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə təsbit olunmuş, dövlət və yerli özünüidarə orqanları, vəzifəli şəxslər tərəfindən pozulan insan hüquqları və azadlıqlarının bərpası, insan hüquqlarının müdafiəsi və pozulmasının qarşısının alınması, habelə insan hüquqlarının təmin edilməsi vəziyyətinin öyrənilməsi sahəsində fəaliyyəti, hüquqi maarifləndirmə və elmi-analitik işin nəticələri, onun dövlət qurumları, ictimaiyyətlə və kütləvi informasiya vasitələri ilə əməkdaşlığı, beynəlxalq əlaqələri, həmçinin insan hüquq və azadlıqlarının daha etibarlı təmin edilməsinə yönəlmiş ümumiləşdirilmiş təklif və tövsiyələri öz əksini tapıb.
İllik məruzənin Milli Məclisin iclasında dinlənilməsi nəzərdə tutulub.
Məruzə dinlənildikdən sonra geniş ictimaiyyətin tanış olması məqsədi ilə "Azərbaycan Respublikasının Qanunvericilik Toplusu"nda və digər mətbu orqanlarda dərc ediləcək.