...

Azərbaycan ədliyyə orqanlarının iki əməkdaşı barədə cinayət işi başlanıb

Cəmiyyət Materials 1 Mart 2011 13:32 (UTC +04:00)
Ötən il Azərbaycan ədliyyə orqanlarının iki əməkdaşı barədə cinayət işi başlanıb.
Azərbaycan ədliyyə orqanlarının iki əməkdaşı barədə cinayət işi başlanıb

Azərbaycan, Bakı, 1 mart /Trend, müxbir K.Zərbalıyeva/

Ötən il Azərbaycan ədliyyə orqanlarının iki əməkdaşı barədə cinayət işi başlanıb.

Trend-in məlumatına görə, bu barədə ombudsman Elmira Süleymanovanın Milli Məclisə təqdim etdiyi 2010-cu il üzrə hesabatda bildirilir.

Ötən il qanun pozuntularına və işdə yol verdiyi nöqsanlara görə, ədliyyə orqanlarının 4 əməkdaşı barədə materiallar prokurorluğa göndərilib.

Hesabatda qeyd olunub ki, ədliyyə orqanlarının cinayətdə ittiham olunan iki əməkdaşı barəsində hökm çıxarılıb və onlar məhkum olunublar.

220-dən artıq ədliyyə işçisi intizam məsuliyyətinə cəlb edilib və ədliyyə orqanlarından xaric olunub.

Hesabat dövründə ombudsmanın Daxili İşlər Nazirliyinə müraciətləri üzrə aparılmış yoxlamalar nəticəsində 14 fakt üzrə polis əməkdaşları tərəfindən qanunvericiliyin pozulması müəyyən edilib.

Nazirin əmri ilə 41 əməkdaş intizam məsuliyyətinə cəlb edilib, o cümlədən 2 əməkdaş daxili işlər orqanlarından qovulub, 6 əməkdaş tutduğu vəzifədən azad edilib, 3 əməkdaşa isə başqa növ intizam tənbehi tətbiq olunub.

İntizam məsuliyyətinə cəlb edilənlərin 12-si cinayət-axtarış, 13-ü ictimai təhlükəsizlik, 4-ü istintaq və təhqiqat, 3-ü yol-patrul, 9-u digər xidmət əməkdaşları olub. Onlardan 7-si rəhbər vəzifəli şəxslər olub.

İşgəncə və qeyri-insani rəftar halları ilə bağlı müvəkkil tərəfindən DİN-ə göndərilmiş 34 müraciətlə əlaqədar aparılmış xidməti təhqiqatla həmin faktlar təsdiqlənməyib.

Vətəndaşları polisə əsassız gətirdiklərinə, onlara qarşı kobudluğa yol verdiklərinə görə 30 əməkdaş intizam məsuliyyətinə cəlb olunub.

Onlardan 2 nəfəri daxili işlər orqanlarından xaric olunub, 4-ü tutduğu vəzifədən çıxarılıb, 2-nə xəbərdarlıq edilib, 10 nəfərə şiddətli töhmət,12 əməkdaşa töhmət verilib.

Ötən il icra və əmək intizamını pozduğuna, kobud qanun pozuntularına yol verdiyinə görə prokurorluq orqanlarının 83 əməkdaşı intizam məsuliyyətinə cəlb edilib.

50 nəfərə töhmət və şiddətli töhmət verilib, 5 əməkdaş tutduğu vəzifədən, 5-i isə prokuroluq orqanlarından xaric edilib.

Xəbər lenti

Xəbər lenti