...

Azərbaycanda dövlət qulluğuna qəbul üzrə keçid balı aşağı salınıb

Cəmiyyət Materials 10 Mart 2011 15:30 (UTC +04:00)
Azərbaycanda dövlət qulluğuna qəbul üzrə keçid balı aşağı salınıb. Bu barədə cümə axşamı Trend-ə Prezident yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyadan məlumat verilib.
Azərbaycanda dövlət qulluğuna qəbul üzrə keçid balı aşağı salınıb

Azərbaycan, Bakı, 10 mart /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycanda dövlət qulluğuna qəbul üzrə keçid balı aşağı salınıb. Bu barədə cümə axşamı Trend-ə Prezident yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyadan məlumat verilib.

Bildirilib ki, "Dövlət orqanlarında dövlət qulluğuna müsabiqə vasitəsilə qəbul Qaydaları"na edilən dəyişikliyə əsasən, test imtahanında inzibati vəzifələrin altıncı-yeddinci təsnifatlarına uyğun olan vəzifələr üzrə keçid balı 80-dən 75-ə endirilib.

İnzibati vəzifələrin səkkizinci-doqquzuncu təsnifatlarına uyğun olan vəzifələr üzrə isə ən azı 70 bal toplamış namizəd imtahanı müvəffəqiyyətlə vermiş hesab edilir.

Müsabiqədən müvəffəqiyyətlə keçmiş, lakin vəzifəyə təyin olunmamış namizəd 2 il müddətində həm Dövlət Komissiyasında, həm də dövlət orqanında ehtiyat kadr kimi saxlanılacaq.

Həmin dövlət orqanında 2 il ərzində vakant vəzifə yarandıqda namizədlərin razılığı ilə onlar həmin vəzifələrə təyin olunacaqlar. Dövlət orqanı bu barədə 5 iş günü müddətində Dövlət Komissiyasına məlumat verməlidir.

"Dövlət Qulluğu haqqında" qanuna edilən dəyişikliyə görə, yerli icra hakimiyyəti orqanında inzibati vəzifələrin altıncı-doqquzuncu təsnifatlarına uyğun olan vakant vəzifələr üzrə müsahibə əsasında ilk dəfə dövlət qulluğuna qəbul edilən şəxslərə staj və sınaq müddəti tətbiq ediləcək.

Qanuna edilən digər dəyişikliyə görə, dövlət orqanı ayda 1 dəfədən az olmayaraq, vakansiyalar barədə Dövlət Komissiyasına məlumat verməlidir. Dövlət orqanında yaranan vakansiya barədə dövlət orqanının rəhbəri həmin vəzifənin ümumi müsahibə və ya daxili müsahibə yolu ilə tutulması barədə qərar qəbul etməlidir.

Xəbər lenti

Xəbər lenti