...

Mədəniyyətlərarası dialoq üzrə Bakı beynəlxalq forumunun proqramı açıqlanıb

Cəmiyyət Materials 5 Aprel 2011 13:46 (UTC +04:00)
Aprelin 7-9-da Bakıda keçiriləcək mədəniyyətlərarası dialoq üzrə beynəlxalq forumun proqramı bəlli olub.
Mədəniyyətlərarası dialoq üzrə Bakı beynəlxalq forumunun proqramı açıqlanıb

Azərbaycan, Bakı, 5 aprel /Trend, müxbir S.Ağayeva/

Aprelin 7-9-da Bakıda keçiriləcək mədəniyyətlərarası dialoq üzrə beynəlxalq forumun proqramı bəlli olub. Forum "Sərhədsiz dünyaya doğru" adlı sessiya ilə açılacaq. Sessiyanın açılışında Azərbaycan Prezidenti İlham Əliyev, Avropa Şurası Parlament Assambleyasının (AŞPA) prezidenti Mövlud Çavuşoğlu və İSESCO-nun baş direktoru Əbdüləziz bin Osman əl-Tüveycrinin çıxışları nəzərdə tutulub.

İlk sessiya sülh və inkişafa nail olmaq məqsədilə mədəniyyətlərarası anlaşma və mədəni müxtəliflik məsələsinə həsr olunacaq. Sessiyaya Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və BMT-nin Sivilizasiyalar Alyansının strateji inkişaf və tərəfdaşlıq üzrə müşaviri Jan Kristof Ba sədrlik edəcəklər.

Növbəti sessiya "Daha mənalı dialoqa doğru: Mədəniyyət, incəsənət və irs" mövzusuna həsr olunacaq. Sessiyaya Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəz Qarayevlə Avropa Şurasının mədəniyyət və təbii irs üzrə direktoru Robert Palmer sədrlik edəcəklər.

Aprelin 8-də keçiriləcək 3-cü sessiya mədəniyyətlərarası dialoqun aparıcı fiqurları kimi qadınların roluna həsr olunacaq. Sessiyaya Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva və YUNESCO-nun mədəniyyət və mədəniyyətlərarası dialoq şöbəsinin direktoru Katerina Stenu sədrlik edəcəklər.

Birləşmiş Millətlər Təşkilatı Baş Assambleyasının Mədəniyyətlərarası dialoq üçün qlobal gündəliyinə (2001-ci il, noyabr), YUNESKO-nun Mədəni özünüifadə formalarının müxtəlifliyinin mühafizəsi və təşviqi haqqında Konvensiyaya (2005 -ci il), İSESKO-nun Mədəni müxtəliflik haqında Bəyannaməsinə (2004 -cü il), Avropa Şurasına üzv ölkələrin dövlət və hökumət başçıları rəhbərlərinin üçüncü görüşünün Bəyannaməsi və Fəaliyyət Planına, Avropa Şurasının mədəniyyətlərarası dialoq üzrə Ağ kitabına (2008 -ci il, may ), Mədəniyyətlərarası dialoqa yardım haqqında Bakı bəyannaməsinə əsaslanaraq Azərbaycan Prezidenti İlham Əliyevin hamiliyi altında 2011-ci il aprelin 7-dən 9-dək Bakıda mədəniyyətlərarası dialoq üzrə ümumdünya forumunun keçirilməsi haqqında təşəbbüs irəli sürülüb və BMT Baş Assambleyasının 65-ci sessiyasında (23 sentyabr 2010 -cu il , Nyu-York) Azərbaycan Prezidenti Bakıda ümumdünya forumunun keçiriləcəyini bəyan edib.

Mədəniyyətlərarası dialoq üzrə ümumdünya forumu YUNESKO, BMT-nin Sivilizasiyalıar Alyansı, Aİ, Aİ-nin Şimal-Cənub mərkəzi, İSESKO, eləcə də "Avronyus" tərəfindən dəstəklənir.

Xəbər lenti

Xəbər lenti