...

BMT Azərbaycanda narkoman məhkumların müalicəsində metadondan istifadəni təklif edir

Cəmiyyət Materials 12 Aprel 2011 17:59 (UTC +04:00)
BMT Azərbaycanda narkoman məhkumların müalicəsində metadondan istifadəni təklif edir.
BMT Azərbaycanda narkoman məhkumların müalicəsində metadondan istifadəni təklif edir

Azərbaycan, Bakı, 12 aprel /Trend, müxbir K.Zərbalıyeva/

BMT Azərbaycanda narkoman məhkumların müalicəsində metadondan istifadəni təklif edir. Trend-in məlumatına görə, bu təklifi BMT-nin Narkotiklər və Cinayətkarlıqla Mübarizə İdarəsinin (UNODC) Azərbaycan üzrə layihəsinin rəhbəri Arzu Quliyeva Penitensiar Xidmətin rəisi Mədət Quliyevlə görüşündə irəli sürüb.

Quliyeva 2009-2010-cu illər ərzində görülmüş işlər barəsində məlumat verərək bildirib ki, QİÇS əsasən narkomanların istifadə etdiyi şprislər vasitəsilə keçir.

Onun sözlərinə görə, bu epidemiyanın qarşısını almaq məqsədilə narkomanların müalicəsində yeni üsullardan istifadə etmək lazımdır.

"Yeni üsullardan biri də Avropada geniş tətbiq olunan metadon preparatından istifadədir. Bu yolla müalicə həm də çox ucuz - 1 narkoman üçün il ərzində cəmi 400 manata başa gəlir ", - layihə rəhbəri vurğulayıb.

Xidmətin rəisi bu təklifin müzakirə ediləcəyini bildirib.

Görüşdə Birləşmiş Millətlər Təşkilatının Mərkəzi Asiyada regional nümayəndəliyinin koordinatoru xanım Nina Kərimi də iştirak edib. Quliyev regional nümayəndəliklə Penitensiar Xidmət arasında əməkdaşlığın daha da inkişaf etdirilməsinin və belə görüşlərin mütəmadi keçirilməsinin vacibliyini vurğulayıb.

Quliyev qonaqlara Penitensiar Xidmətin fəaliyyəti, son dövrlər ərzində məhkumların saxlanma şəraitinin yaxşılaşdırılması, müasir beynəlxalq standartlara cavab verən yeni penitensiar müəssisələrin inşası istiqamətində görülmüş işlər barədə məlumat verib.

Xəbər lenti

Xəbər lenti