...

Azərbaycan regionlarında dövlət qulluqçuları üçün təlimlər keçirilir

Cəmiyyət Materials 27 Aprel 2011 16:42 (UTC +04:00)
Azərbaycan regionlarında dövlət qulluqçuları üçün etik davranış qaydaları ilə bağlı təlimlər keçirilir.
Azərbaycan regionlarında dövlət qulluqçuları üçün təlimlər keçirilir

Azərbaycan, Bakı, 27 aprel /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycan regionlarında dövlət qulluqçuları üçün etik davranış qaydaları ilə bağlı təlimlər keçirilir.

Prezident yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyadan Trend-ə verilən məlumata görə, aprelin 27-dən mayın 7-dək Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı (UNDP) ilə birgə Gəncə, Mingəçevir və Şəki şəhərlərində yerli icra hakimiyyəti orqanlarının, mərkəzi icra hakimiyyəti orqanlarının yerli və regional bölmələrinin və məhkəmə hakimiyyəti orqanlarının dövlət qulluqçuları üçün etik davranış qaydaları və etik müvəkkilin fəaliyyəti, dövlət qulluğu vəzifələrinin tutulması qaydası, dövlət qulluqçularının vəzifə təlimatları, iş bölgüsünün aparılması qaydası və dövlət qulluqçularının reyestrinin aparılması qaydası ilə bağlı təlimlər təşkil ediləcək.

Gəncədə təlimlər 28-30 aprel, Mingəçevirdə 2-5 may, Şəkidə isə 5-6 may tarixlərində keçiriləcək.

Gəncə, Mingəçevir və Şəki şəhərlərində təşkil ediləcək təlimlərə Gəncə, Naftalan, Kəlbəcər, Göygöl, Samux, Daşkəsən, Goranboy, Xocalı, Şəmkir, Gədəbəy, Tovuz, Ağstafa, Qazax, Mingəçevir, Yevlax, Ağdaş, Bərdə, Tərtər, Göyçay, Ucar, Zərdab, Şəki, Balakən, Zaqatala, Qax, Oğuz və Qəbələ şəhərlərinin yerli icra hakimiyyəti orqanlarında və mərkəzi icra hakimiyyəti orqanlarının yerli bölmələrində çalışan 375 rəhbər vəzifəli dövlət qulluqçusunun cəlb edilməsi nəzərdə tutulur.

Təlimin təşkil olunmasının əsas məqsədləri hər bir vəzifəli şəxs və dövlət qulluqçusunun vətəndaşlarla münasibətdə etik davranış qaydalarına əməl etməsi, dövlət orqanlarında korrupsiyanın qarşısının alınması, dövlət orqanlarının və dövlət qulluğunun nüfuzunun artırılması, vətəndaşların dövlət orqanlarına və dövlət qulluqçularına etimadının yüksəldilməsi, dövlət orqanları və dövlət qulluqçularının fəaliyyətində səmərəliliyin və şəffaflığın artırılması sahəsində maarifləndirmədən ibarətdir.

Təlimdə Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın əməkdaşları "Dövlət qulluqçularının etik davranış qaydaları", "Dövlət qulluqçularının etik davranış qaydaları üzrə etik müvəkkilin fəaliyyəti", "İş bölgüsünün aparılması qaydaları", "Dövlət qulluğuna qəbul və müsahibələrin keçirilməsi qaydası", "Dövlət üulluqçularının reyestrinin aparılması qaydaları" mövzularında təqdimatla çıxış edəcəklər.

Təqdimatlar zamanı Komissiyanın əməkdaşları çağdaş, sivil, demokratik vətəndaş cəmiyyətinin tələblərinə tam cavab verən dövlət qulluqçusunun korrupsiyaya qarşı mübarizədə rolundan, onun vətəndaşların hüquq və azadlıqlarını qorunması yönündə atdığı addımlardan, əxlaqı, mənəviyyatı, insanlarla rəftarı, qəbul etdiyi qərarları ilə rəsmi orqanlara hörmət qazandırmasından, vətəndaşların və dövlətin maraqlarını uzlaşdırmasından və demokratik idarəçilik metodlarını mənimsəməsindən bəhs edəcəklər.

Təlimlər davamlı xarakter daşıyır və Azərbaycanın bütün regionlarını əhatə edəcək. İlk təlim 2008-ci ilin noyabr ayında Gəncə və Tovuzda keçirilib.

2008-2010-cu illər ərzində Komissiya Şəki, Yevlax, Şamaxı, Masallı, Salyan, Quba və Bakıda silsilə təlimlər keçirib.

Xəbər lenti

Xəbər lenti