...

"Freedom House" qərəzli təşkilatdır - baş redaktor

Cəmiyyət Materials 3 May 2011 16:49 (UTC +04:00)
"Freedom House" kimi qərəzli bir təşkilatın açıqlamalarına əhəmiyyət vermək lazım deyil.
"Freedom House" qərəzli təşkilatdır - baş redaktor

Azərbaycan, Bakı, 3 may /Trend, müxbi T.Hacıyev/

"Freedom House" kimi qərəzli bir təşkilatın açıqlamalarına əhəmiyyət vermək lazım deyil. Bu barədə çərşənbə axşamı Trend-ə "Azərbaycan" qəzetinin baş redaktoru, millət vəkili Bəxtiyar Sadıqov "Freedom House" təşkilatının dünyada mətbuatın vəziyyəti ilə bağlı hazırladığı hesabata münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, "Freedom House" təşkilatı ermənilərin nəzarətində olan qurumlardan biridir və onların maliyyə dəstəyi ilə işləyir. Buna görə də bir qayda olaraq Azərbaycanda mətbuatla bağlı qeyri-obyektiv, qərəzli və birtərəfli məlumatlar verir.

"Azərbaycanda Mətbuat Şurası fəaliyyət göstərir. Bu qurumun dövlətə heç bir aidiyyəti yoxdur, jurnalistlərin özlərinin yaratdıqları bir qurumdur. Burada iqtidar, müxalifət və müstəqil mətbuatı təmsil edən təcrübəli insanlar var. Biz indiyə qədər görməmişik ki, "Freedom House" təşkilatının bir nümayəndəsi hesabat yaymazdan əvvəl Mətbuat Şurasına gəlib öz iradlarını desin, MŞ üzvlərinin mövqeyini dinləsin və mətbuatın vəziyyəti ilə konkret faktlar əsasında tanış olsun. Əgər söhbət obyektivlikdən gedirsə, o zaman tənqid olunan və müstəqil tərəflərin də mövqeləri öyrənilməlidir", - Sadıqov əlavə edib.

Sadıqov onu da bildirib ki, "Freedom House" kimi təşkilatlar hesabatlarını Azərbaycanda adını müstəqil qoyan və əslində Azərbaycan dövlətçiliyinin əleyhinə fəaliyyət göstərən hüquq müdafiəçiləri və QHT-lərin arayışları əsasında hazırlayırlar.

"Həmin hüquq müdafiəçiləri və QHT-lər "Freedom House" kimi qurumlardan qrant almaq üçün reallığı deyil, həmin qurumlara xoş gələn, onların maraqlarını təmin edən arayışlar hazırlayırlar. Əslində bir dəfə bir arayış hazırlanıb və hər dəfə növbəti hesabatın vaxtı çatanda rəfdən həmin arayış götürülür və bunun əsasında hesabat hazırlanır", - o qeyd edib.

Sadıqov bildirib ki, "Freedom House" təşkilatı artıq neçə ildir ki, Azərbaycada mətbuatın vəziyyəti ilə bağlı bu cür hesabatlar hazırlayır və keçən müddət ərzində mətbuatın inkişafı sahəsində kifayət qədər uğur əldə olunsa da, hesabatlar olduğu kimi təkrar olunur.

Xəbər lenti

Xəbər lenti