Azərbaycan, Bakı, 10 may /Trend, müxbir K.Zərbalıyeva/
Azərbaycanda xəstə və əlil məhkumların vaxtından əvvəl azadlığa buraxılması istiqamətində iş aparılır. Trend-in məlumatına görə, bu barədə ədliyyə nazirinin müavini, Penitensiar Xidmətin rəisi Mədət Quliyev çərşənbə axşamı jurnalistlərə bildirib.
Onun sözlərinə görə, bu məqsədlə PX-də rəis müavini Hüseyn Əlixanovun sədrliyi ilə komissiya fəaliyyət göstərir.
Nazir müavini bildirib ki, xəstə və əlil məhkumların və onların ailə üzvlərinin müraciətləri komissiyada araşdırılır, məhkumun cəza çəkdiyi müəssisə rəhbərinin rəyi öyrənildikdən sonra məhkumun vaxtından əvvəl azadlığa buraxılması barədə rəy verilir.
Quliyev penitensiar müəssisələrdə saxlanılan xəstə və əlil məhkumlara xüsusi diqqət yetirildiyini, onların müalicəsi üçün bütün mümkün imkanlardan istifadə olunduğunu deyib.
Penitensiar müəssisələrin əməkdaşlarının məhkumlarla münasibətinə toxunan Quliyev bildirib ki, beynəlxalq qurumların Azərbaycanın cəzaçəkmə müəssisələrinə baş çəkən əməkdaşları bu münasibətləri yüksək qiymətləndirib.