...

Vergilər Nazirliyinin tələbələr üçün elan etdiyi müsabiqəyə yekun vurulub

Cəmiyyət Materials 26 May 2011 17:17 (UTC +04:00)
Azərbaycan Dövlət İqtisad Universitetində Vergilər Nazirliyinin "Azərbaycanın vergi xəbərləri" jurnalının ümummilli lider Heydər Əliyevin anadan olmasının 88-ci ildönümü münasibətilə magistrantlar arasında "Vergilər və iqtisadi inkişaf" mövzusunda referat yazılması üzrə keçirdiyi respublika müsabiqəsinin yekunlarına həsr olunmuş tədbir və həmin jurnalın rəsmi veb-saytının təqdimatı keçirilib.
Vergilər Nazirliyinin tələbələr üçün elan etdiyi müsabiqəyə yekun vurulub

Azərbaycan, Bakı, 26 may /Trend/

Azərbaycan Dövlət İqtisad Universitetində Vergilər Nazirliyinin "Azərbaycanın vergi xəbərləri" jurnalının ümummilli lider Heydər Əliyevin anadan olmasının 88-ci ildönümü münasibətilə magistrantlar arasında "Vergilər və iqtisadi inkişaf" mövzusunda referat yazılması üzrə keçirdiyi respublika müsabiqəsinin yekunlarına həsr olunmuş tədbir və həmin jurnalın rəsmi veb-saytının təqdimatı keçirilib. Bu barədə Trend-ə nazirlikdən məlumat verilib.

Müsabiqənin təşkil edilməsində məqsəd Azərbaycanın ali təhsil müəssisələrinin magistrantları arasında vergi sahəsində araşdırmalar aparan ən yaxşı tədqiqatçıları üzə çıxarmaq, vergi mövzusunun gənc tədqiqatçılar arasında populyarlığını artırmaq və bu sahədə mütəxəssislərin hazırlığını stimullaşdırmaqdır. Layihənin tərəfdaşları Vergilər Nazirliyi, Azərbaycan Dövlət İqtisad Universiteti (ADİU), Azərbaycan Universiteti, Vergilər Nazirliyinin Tədris Mərkəzi və "Azərbaycanın vergi xəbərləri" jurnalının redaksiyasıdır.

Müsabiqəyə referatların qəbulu bir aydan çox davam edib, ölkənin müxtəlif ali məktəblərində təhsil alan magistrantlardan 23 iş daxil olub. Müsabiqənin qaliblərinin hər üçün ADİU-nun tələbələri olub. 1-ci kurs magistrantı O.Əhmədov 1-ci yerə, 1-ci kurs magistrantı İ.Nəbiyev 2-ci yerə, 2-ci kurs magistrantı A.Musayev 3-cü yerə layiq görülüb. Təşkilat Komitəsi qaliblərə diplom və qiymətli mükafatlar təqdim edib.

Tədbirdə "Azərbaycanın vergi xəbərləri" jurnalının rəsmi veb-saytının təqdimatı da olub. Jurnal 2003-cü ildə Azərbaycan Respublikasının Vergilər Nazirliyi tərəfindən təsis edilmiş müstəqil, resenziyalı, aylıq elmi nəşrdir. Jurnal Beynəlxalq Standart Seriya Nömrəsi mərkəzində qeydiyyata alınıb və Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının qərarı ilə iqtisadiyyat elmləri üzrə elmi nəşrlər siyahısına daxil edilib. Jurnalın yeni veb-saytı /www.vergixeberleri.az/ və /www.taxesnews.az/ ünvanlarında yerləşir və dörd dildə - Azərbaycan, türk, ingilis və rus dillərində fəaliyyət göstərir.

Beynəlxalq standartlara cavab verən, istifadə üçün rahat və əlverişli olan veb-saytın bir neçə maraqlı bölmələri vardır. "İlk səhifə" bölməsində jurnalın sonuncu sayının elektron versiyası yerləşir. "Jurnal haqqında" bölməsində jurnalın bütün rekvizitləri - təsisçisi, rəsmi qeydiyyatı, missiyası, redaksiya və rəy verən heyətlər, müşavirləri, işçi qrupu, üzv olduğu beynəlxalq sitat və xülasə bazaları haqqında məlumatlar mövcuddur. İstifadəçilər saytın "Müəllif qaydaları" bölməsində elmi məqalələrini nəşr etdirmək istəyənlərin əməl etməli olduğu standartlar və prosedurlar haqqında informasiyalar əldə edə bilərlər. "Xəbərlər" bölməsində xəbərlər, elanlar və digər operativ məlumatlar, "Arxiv" bölməsində isə jurnalın bütün nömrələrinin elektron versiyaları həm ayrı-ayrı məqalələr formasında, həm də bütövlükdə jurnal formasında yerləşdirilib. Veb-sayt vergilər sahəsində elmi tədqiqatlar, nəzəri araşdırmalar aparanlar, respublikamızda vergiqoyma təcrübəsini öyrənənlər, həmçinin, çoxsaylı vergi ödəyiciləri üçün nüfuzlu bilik, məlumat mənbəyidir.

Tədbirdə Vergilər Nazirliyinin, Bakı Dövlət Universitetinin, ADİU-nun, Azərbaycan Universitetinin, Təfəkkür Universitetinin, E-sistems şirkətinin və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak ediblər.

Xəbər lenti

Xəbər lenti