...

"Təmiz Şəhər" ASC-nin nümayəndələri beynəlxalq konfransda iştirak ediblər

Cəmiyyət Materials 2 İyun 2011 16:43 (UTC +04:00)
"Təmiz Şəhər" ASC-nin nümayəndələri Moskvada keçirilən beynəlxalq konfransda iştirak ediblər.
"Təmiz Şəhər" ASC-nin nümayəndələri beynəlxalq konfransda iştirak ediblər

Azərbaycan, Bakı, 2 iyun /Trend/

"Təmiz Şəhər" ASC-nin nümayəndələri Moskvada keçirilən beynəlxalq konfransda iştirak ediblər. Bu barədə cümə axşamı Trend-ə "Təmiz Şəhər" ASC-nin mətbuat xidmətindən məlumat verilib.

31 may-3 iyun tarixlərində Moskva şəhərində Bərk məişət tullantıları üzrə Beynəlxalq Assosiasiyanın təşkilatçılığı ilə Avropa və Asiyanın qabaqcıl ölkələrindən olan nümayəndə heyətlərinin iştirakı ilə "Bərk məişət tullantılarının emalı və utilizasiyası: qabaqcıl texnologiyalar" mövzusunda konfrans keçirilir.

Tədbirin keçirilməsində məqsəd bərk məişət tullantıları üzrə aparıcı mütəxəssisləri bir araya gətirmək, tullantıların utilizasiyası sahəsində bilik və təcrübələrini bölüşməyə imkan yaratmaq, bununla da bərk məişət tullantılarının utilizasiyası sahəsində innovativ texnologiyalardan istifadə edərək ətraf mühitin qorunmasına vasitəçilik etməkdir.

Hər il təşkil olunan bu konfrans tullantıların idarə edilməsi sahəsində təşkil olunan ən böyük beynəlxalq tədbirlərdəndir.

Konfrans çərçivəsində bərk məişət tullantılarının çeşidlənməsi mərhələsində təkrar xammalın alınması üzrə yeni texnologiyaların inkişafı, tullantıların basdırılması və emalı zamanı yaranan zərərli qazın atmosferə atılmasının azaldılması üsulları və s. mövzularda müzakirələr aparılması və region ölkələrinin nümayəndələri tərəfindən çıxışlar edilməsi nəzərdə tutulub.

Konfransda çıxış edən "Təmiz Şəhər" Açıq Səhmdar Cəmiyyətinin idarə heyətinin sədri Zakir İbrahimov "Bakı şəhərində tullantıların idarəçiliyi: görülmüş işlər və gələcək planlar" mövzusunda təqdimatla çıxış edərək paytaxtda tullantıların idarə edilməsi sahəsində həyata keçirilmiş tədbirlər və görüləcək işlər barədə məlumat verib.

Onun sözlərinə görə, bu sahəyə Azərbaycan hökuməti tərəfindən xüsusi diqqət və qayğı göstərilir. Hazırda Balaxanı qəsəbəsində MDB məkanında ən müasir tullantı emalı müəssisəsi olacaq Tullantıların yandırılması zavodu inşa olunur. Bundan başqa, yaxın gələcəkdə çeşidləmə xətti istifadəyə veriləcək. İbrahimov çıxışında Balaxanı şəhər tullantılarının zərərsizləşdirilməsi poliqonunun müasir şəkildə beynəlxalq standartlara uyğun yenidən qurulması, həyata keçirilən pilot layihələr, ekoloji maarifləndirmə tədbirləri və s. barədə tədbir iştirakçılarını məlumatlandırıb.

Bakı şəhərində tullantıların idarə edilməsinin təkmilləşdirilməsi istiqamətində görülən işlər tədbir iştirakçıları tərəfindən maraqla qarşılanıb.

Xəbər lenti

Xəbər lenti