Azərbaycan, Bakı, 22 iyun /Trend/
Cəlilabad Müalicə Diaqnostika Mərkəzində regionlar üzrə ilk dəfə olaraq "Ürək-damar xəstəliklərinin müalicəsinin bu günü və gələcəyi" mövzusunda telekörpü ilə canlı konfrans keçirilib. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü ARDNŞ-dən bildiriblər.
Heydər Əliyev Fondunun təşəbbüsü, ARDNŞ-nin dəstəyi ilə keçirilən növbəti humanitar aksiya çərçivəsində Mərkəzi Neftçilər Xəstəxanasının (MNX) yüksəkixtisaslı həkimlərindən ibarət kardiocərrahiyyə briqadası Cəlilabad Müalicə Diaqnostika Mərkəzində açıq ürək əməliyyatlarına başlayb. Bölgədə ilk dəfə olaraq tətbiq olunan bu əməliyyatlar ümumilikdə 11 nəfəri əhatə edəcək ki, onların 8-i anadangəlmə ürək qüsurundan əziyyət çəkən, uzun illər müalicəsi aparılmayan xəstələrdir. Əməliyyat olunan şəxslər arasında anadangəlmə ürək qüsuru ilə doğulan uşaqlar da var.
Altı günlük aksiyanın proqramında Cəlilabad MDM-də "Ürək-damar xəstəliklərinin müalicəsinin bu günü və gələcəyi" mövzusunda telekörpü ilə canlı konfrans da yer alır. İlk dəfə olaraq keçirilən tədbir Dövlət Neft Şirkəti və Azərbaycan Kardiovaskulyar Cərrahlar Assosiasiyasının birgə təşkilatçılığı ilə baş tutub. Konfrans iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin Cəlilabad şəhərindəki xatirə kompleksini ziyarət edərək, onun abidəsi önünə tər gül dəstələri qoyublar.
Bu möhtəşəm elmi-praktiki toplantıya xaricdən dəvət olunmuş tanınmış mütəxəssislər, həmçinin, bütün regional Müalicə Diaqnostika mərkəzlərinin və digər səhiyyə müəssisələrinin həkim-kardioloqları qatılıblar.
Konfransda ürək və damar xəstəliklərinin ayrı-ayrı aspektlərdən tədqiqinə dair müxtəlif maraqlı məruzələr təqdim olunub. Konfransın sədri, Azərbaycan Kardiovaskulyar Cərrahlar Assosiasiyasının və MNX-nin Ürək-Damar Xəstəlikləri Mərkəzinin (ÜDXM) rəhbəri, tibb elmləri namizədi Rəşad Mahmudov ürəyin işemik xəstəliyinə ümumi baxış, həmin Mərkəzin kardiocərrahı Abbasəli Abbasəliyev ürəyin işemik xəstəliyində rebaskulizasiyaya göstərişlər, doktor Elnur Azadxanov sabit stenokardiyaların diaqnostikası və müalicəsi mövzusunda öz fikir və mülahizələrini konfrans iştirakçıları ilə bölüşüblər. MNX ÜDXM-nin ürək-damar cərrahiyyəsi bölməsinin müdiri, tibb elmləri namizədi Seymur Musayev asianotik anadangəlmə ürək qüsurları, MNX Şüa-Diaqnostika və İnvaziv Radiologiya üzrə koordinator, doktor Ermanno Mazza sianotik anadangəlmə ürək qüsurları barədə məruzə təqdim ediblər.
Konfrans zamanı açıq ürək əməliyyatının həyata keçirildiyi əməliyyatxanadan görüntülər birbaşa zalda quraşdırılmış monitorlara ötürülüb və konfrans iştirakçıları əməliyyatı icra edən cərrahlarla sual-cavab aparmaq imkanına malik olublar. Bununla da regionda ilk dəfə olaraq anadangəlmə ürək qüsurunun əməliyyatxanadan canlı tədrisi gerçəkləşdirilib.
Konfransda doktor Ahmet Memiş damar xəstələrində endovaskulyar müalicə, Elmi-Tədqiqat Kardiologiya İnstitutunun aspirantı Vüsal Məmmədov ürək çatışmazlığı mövzularında çıxış ediblər. Təqdim olunan məruzələrlə bağlı geniş müzakirələr aparıldıqdan sonra elmi-praktiki konfransın iştirakçılarına sertifikat verilib.