...

İsrail alimləri istivurma üzrə yeni tədqiqatların nəticələrini açıqlayıblar

Cəmiyyət Materials 24 İyun 2011 17:17 (UTC +04:00)
İstivurmadan sonra insanların vəziyyəti İsrailin Beer Şeve şəhərində yerləşən və hər il Negev regionunun milyondan çox sakininə xidmət göstərən "Soroka" tibb mərkəzində aparılan tədqiqatların mövzusuna çevrilib
İsrail alimləri istivurma üzrə yeni tədqiqatların nəticələrini açıqlayıblar

Azərbaycan, Bakı, 24 iyun /Trend/

İstivurmadan sonra insanların vəziyyəti İsrailin Beer Şeve şəhərində yerləşən və hər il Negev regionunun milyondan çox sakininə xidmət göstərən "Soroka" tibb mərkəzində aparılan tədqiqatların mövzusuna çevrilib. Trend-in məlumatına görə, bu barədə Ukrinform "IsraelInfo" veb-resursuna istinadən məlumat yayıb.

Tədqiqatlar 1996-cı ildən 2006-cı ilədək olan dövr ərzində aparılıb. Tədqiqatlar tibb mərkəzinə məhz fiziki aktivlikdən sonra istivurma diaqnozu ilə müraciət edən 32 xəstənin vəziyyətinin öyrənilməsinə əsaslanıb.

Tədqiqatlar çərçivəsində xəstələr haqqında bu məlumatlar toplanıb: xəstəxanaya yerləşdirilmə günü orta temperatur, özlərini pis hiss edənədək və xəstəxanaya yerləşdirilənə kimi məşğul olduqları fiziki aktivlik, xəstəxanaya yerləşdirilməzdən əvvəl Negevdə olduqları günlərin sayı, eləcə də digər klinik, demoqrafik və laborator məlumatlar.

Həkimlər tədqiqatlara başlamazdan əvvəl güman edirdilər ki, istivurma "yay xəstəliyi"dir, lakin tədqiqatlar zamanı aşkarlandı ki, əksər xəstələrin yay aylarında xəstəxanaya yerləşdirilmələrinə baxmayaraq, onlardan altısında məhz qışda istivurma halı olub.

Tədqiqatlar onu da göstərib ki, xəstəxanaya yerləşdirilmə günü orta temperatur 29,5 dərəcə olub və 32 xəstədən 20-si istivurma günü ciddi fiziki yorğunluqlara məruz qalıb: orduda məşqlər (xəstələrin 17-si əsgər olub), qaçış və ya velosiped sürmə.

Xatırladaq ki, istivurma bədənin hərarəti 40 dərəcəyədək qalxanda və mərkəzi əsəb sisteminin fəallığı pozulanda təhlükəli adlandırılır.

Zahirən bu, oriyentasiyanı itirmə, qallüsinasiya, paroksizm və ürəkgetmə ilə özünü göstərə bilər. Xüsusi ciddi hallarda istivurma müxtəlif orqanların fəallığının pozulmasına və hətta insan orqanizminin bütün sisteminin fəaliyyətsiz olmasına gətirib çıxarır.

Tibb istivurmanı iki tipə bölür. Birinci tip klassik adlanır. Bundan adətən yaşlı insanlar əziyyət çəkirlər. İkinci tip məhz gənc, sağlam və fəal, ciddi fiziki yorğunluqlara dözən insanlara məxsusdur.

Xəbər lenti

Xəbər lenti