Azərbaycan, Bakı, 7 iyul /Trend, müxbir İ.İsabalayeva/
Azərbaycan paytaxtındakı hotellər "Eurovison 2012" mahnı müsabiqəsinin növbəti ildə Bakıda keçirilməsini nəzərə alaraq, milli suvenirlərin satışını daha yaxşı təşkil etməlidirlər. Bunu Trend-ə Azərbaycan Turizm Assosiasiyası sədrinin müşaviri Müzəffər Ağakərimov deyib.
Onun sözlərinə görə, bu gün bır sıra hotellərdə suvenir köşkləri çox zəif işləyir.
"Ona görə də təklif edərdim ki, bütün hotellərdə, heç olmasa, onların əksəriyyətində milli suvenirlərin satışı təşkil olunsun. Ölkəyə gələn qonaqlara bizim milli adət-ənənələrimizə uyğun suvenirlər satılmalıdır. Belə suvenirlərin satışı həm turizmə əlavə gəlir gətirə bilər, həm də turistlərin Azərbaycan haqqındakı təəssüratlarını yadda saxlamağa kömək edər", - Ağakərimov bildirib.
O, bunu da əlavə edib ki, ölkənin turizm gəlirlərini artırmaq üçün yeni turizm xidmətləri yaratmaq və onların keyfiyyətini yüksəltmək lazımdır.
Assosiasiya sədrinin müşaviri hesab edir ki, ölkədə ovçuluq, balıqçılıq, ada turizmi və s. turizm növləri yaratmaqla turizm xidmətlərinin çeşidini artırmaq olar.