...

"İki sahil" qəzetinin 20 illik yubileyi qeyd olunub (FOTO)

Cəmiyyət Materials 12 İyul 2011 17:59 (UTC +04:00)

Azərbaycan, Bakı, 12 iyul /Trend, müxbir T.Hacıyev/

"İki sahil" qəzetinin 20 illik yubileyi münasibətilə "dəyirmi masa" keçirilib. Trend-in məlumatına görə, çərşənbə axşamı Mətbuat Şurasında (MŞ) keçirilən tədbirdə MŞ sədri Əflatun Amaşov, Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunun (KİVDF) icraçı direktoru Vüqar Səfərli, "İki sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, Azərbaycan Dövlət Neft Şirkətinin maliyyə idarəsinin rəis müavini Rəşid Hüseynov və media nümayəndələri iştirak ediblər.

Tədbiri giriş sözü ilə Mətbuat Şurasının sədri Əflatun Amaşov açıb. O, "İki sahil" qəzetinin iyirmi illik fəaliyyəti haqqında danışıb. Amaşovun sözlərinə görə, qəzet iyirmi il öncə fəaliyyətə başlayarkən əsas ideyası vahid Azərbaycan ideyası olub.

"Bu qəzet fəaliyyətə başladığı dövrdə Azərbaycanda milli məsələləri önə çəkən qəzetlərin sayı az idi. Məhz belə bir zamanda "İki sahil" qəzeti vahid Azərbaycan ideyasını təbliğ etməyi öz üzərinə götürdü və bu amal uğrunda fəaliyyətə başladı", - Amaşov əlavə edib.

O deyib ki, mütəxəssislər "İki sahil" qəzetinin fəaliyyətini iki dövrə bölürlər. Birincisi yaranmasının ilk dövrləridir, ikincisi isə müasir dövrdür.

"Son dövrlər qəzet iqtisadiyyat sahəsində ixtisaslaşmağa başlayıb. Hazırda qəzet neft-qaz sənayesində baş verən prosesləri işıqlandırır, eyni zamanda, həmin sahə ilə bağlı dəyərli materiallar dərc edir", - Amaşov qeyd edib.

Tədbirdə çıxış edən Azərbaycan Prezidenti Yanında KİV-ə Dövlət Dəstəyi Fondunun (KİVDF) icraçı direktoru Vüqar Səfərli "İki sahil" qəzetinin ilk dövrlər çətinliklərlə nəşr olunduğunu deyib.

Onun sözlərinə görə, qəzet 20 il ərzində Azərbaycan gerçəkliyini qərəzsiz olaraq cəmiyyətə çatdırıb.

"Azərbaycan" qəzetinin baş redaktoru Bəxtiyar Sadıqov öz növbəsində bildirib ki, "İki sahil" qəzeti nəşr olunduğu 20 il ərzində əqidəsinə sadiq qalıb.

Mərasimdə çıxış edən jurnalist Yadigar Məmmədli, "Olaylar" qəzetinin baş redaktoru Yunus Oğuz, Milli Məclisin deputatı Musa Qasımlı, "Xalq cəbhəsi" qəzetinin baş redaktoru Elçin Mirzəbəyli, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Nizaməddin Quliyev, KİV-ə Dövlət Dəstəyi Fondunun Müşahidə Şurasının sədri Umud Rəhimoğlu qəzetin keçdiyi yol, fəaliyyəti və uğurları barədə danışıblar.

Xəbər lenti

Xəbər lenti