...

Azərbaycanda bu il 100-dək şəxs barəsində korrupsiya ilə bağlı cinayət işinin istintaqı tamamlanaraq baxılması üçün məhkəməyə göndərilib

Cəmiyyət Materials 15 İyul 2011 15:25 (UTC +04:00)
Bu ilin birinci yarısında Baş prokurorluq yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsi 336 müraciətə baxıb.
Azərbaycanda bu il 100-dək şəxs barəsində korrupsiya ilə bağlı cinayət işinin istintaqı tamamlanaraq baxılması üçün məhkəməyə göndərilib

Azərbaycan, Bakı, 15 iyul /Trend, müxbir K.Zərbalıyeva/

Bu ilin birinci yarısında Baş prokurorluq yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsi 336 müraciətə baxıb. Trend-in məlumatına görə, bunu cümə günü keçirdiyi mətbuat konfransında idarənin rəisi Kamran Əliyev deyib.

Əliyev bildirib ki, ilin birinci yarısında idarəyə daxil olmuş cinayət xarakterli 150 müraciət və digər məlumatlardan 87-si (55,4 faiz) üzrə cinayət işi başlanıb. Həmin müraciətlərə baxılması zamanı sosial ədalətin, vətəndaşların pozulmuş hüquqlarının bərpası, insan və vətəndaş hüquq və azadlıqlarınınn müdafiə olunması istiqamətində addımlar atılıb.

O qeyd edib ki, idarədəki qaynar xəttə fəaliyyəti dövründə 2076 müraciət daxil olub. Korrupsiya ilə əlaqədar olmayan 5 mindən artıq müraciət müəllifinə pozulmuş hüquqlarının bərpasına dair ətraflı izahatlar verilib. Qaynar xəttə daxil olan 8 müraciət əsasında Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə cinayət işi başlanaraq 9 nəfər barəsində həbs qətimkan tədbiri seçilib. Həmin işlərdən 4-ü üzrə ibtidai istintaq tamamlanaraq baxılması üçün məhkəmələrə göndərilib, 4-nün istintaqı isə davam etdirilir. Qaynar xəttə daxil olan müraciətlər əsasında Əmək və Əhalinin Sosial Müdafiəsi, Nəqliyyat nazirlikləri, Əmlak Məsələləri Dövlət Komitəsinin bir sıra işçiləri intizam qaydasında cəzalandırılıb.

Onun sözlərinə görə, idarənin istintaq şöbəsində bu ilin birinci yarısında 159 cinayət işinin ibtidai araşdırması həyata keçirilib. Bu cinayət işləri rüşvət alma, cinayət yolu ilə əldə olunmuş pul vəsaitlərini leqallaşdırma, vəzifə səlahiyyətindən sui-istifadə etmə, vəzifə səlahiyyətlərini aşma, qulluq mövqeyindən sui-istifadə etməklə özgə əmlakını talama faktları ilə əlaqədar olub. Bu müddətdə 98 şəxs barəsində 56 cinayət işinin istintaqı tamamlanaraq baxılması üçün məhkəməyə göndərilib. Hesabat dövründə 2 cinayət işi üzrə cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin leqallaşdırılması hallarına yol vermiş 4 şəxs Cinayət Məcəlləsinin müvafiq maddələri ilə təqsirləndirilən şəxs qismində istintaqa cəlb edilib və cinayət işləri tamamlanaraq baxılması üçün məhkəməyə göndərilib.

Xəbər lenti

Xəbər lenti