Azərbaycan, Bakı, 5 avqust /Trend, müxbir T.Hacıyev/
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bir qrup əlili Ukraynaya müalicəyə göndərib. Bu barədə cümə günü Trend-ə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Nazirliyin məlumatına əsasən, bu ilin iyul-avqust aylarında 80 nəfər əlil həmvətənimizin Ukraynanın Krım vilayətinin Saki şəhərindəki N.Burdenko adına onurğa-beyin sistemi zədələnmiş xəstələr üçün ixtisaslaşmış müalicə mərkəzində müalicə kursu keçməsi nəzərdə tutulub.
Həmin əlillərdən 40 nəfəri cari ilin 7 iyulunda Heydər Əliyev Beynəlxalq Hava Limanından xüsusi təyyarə reysi ilə Ukraynaya yola salınıb və onlar müalicə kursunu başa çatdıraraq avqustun 4-də vətənə dönüblər. Elə həmin günü növbəti 40 nəfər əlilin müalicə kursu keçmək üçün Ukraynaya yola salınması təmin edilib.
Adıgedən müalicə mərkəzi səmərəli fizeoterapevtik müalicə üsulları ilə məşhur olan müəssisəsidir və iki ölkə arasında müvafiq razılaşmaya əsasən, hər il Azərbaycandan bir qrup əlilin həmin mərkəzdə 28 günlük müalicəsi təşkil olunur. Hər il olduğu kimi, bu il də müalicəyə göndərilən əlillərin əksəriyyəti ölkəmizin ərazi bütövlüyü uğrunda döyüşlərdə fiziki sağlamlığını itirmiş insanlardır.
Əlillərin adıgedən mərkəzdə yerləşməsi və müalicəsi işinə nəzarət etmək üçün nazirliyin əməkdaşları Ukraynaya ezam olunublar.
Əmək Nazirliyi bir qrup əlili Ukraynaya müalicəyə göndərib
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bir qrup əlili Ukraynaya müalicəyə göndərib. Bu barədə cümə günü Trend-ə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
