...

Azərbaycanda Somali uşaqlarına yardım məqsədi ilə 72 min dollar toplanıb

Cəmiyyət Materials 30 Avqust 2011 13:27 (UTC +04:00)
Azərbaycanda "Somali uşaqlarına xilas əlini uzat" beynəlxalq xeyriyyə kampaniyası çərçivəsində 72 min ABŞ dolları həcmində maliyyə vəsaiti toplanıb.
Azərbaycanda Somali uşaqlarına yardım məqsədi ilə 72 min dollar toplanıb

Azərbaycan, Bakı, 30 avqust /Trend, müxbir M.Əliyev/

Azərbaycanda "Somali uşaqlarına xilas əlini uzat" beynəlxalq xeyriyyə kampaniyası çərçivəsində 72 min ABŞ dolları həcmində maliyyə vəsaiti toplanıb. Trend-in məlumatına görə, bu barədə Dialoq və Əməkdaşlıq uğrunda İslam Konfransı Gənclər Forumu (İKGF) Avrasiya Regional Mərkəzinın çərşənbə axşamı yaydığı məlumatda bildirilir.

Ramazan bayramından sonra yığılan vəsaitlər hesabına alınacaq ərzaqlar İKGF-nin Somaliyə yola düşəcək nümayəndələri vasitəsilə həmin ölkədə humanitar fəlakətlə üzləşən insanlara çatdırılacaq.

İKGF-in baş katibi, səfir Elşad İsgəndərov bu kampaniyaya göstərdiyi dəstəyə görə Azərbaycan vətəndaşlarına, aksiyanın işıqlandırılması işində fəal iştirakına görə KİV-lərə öz dərin təşəkkürünü bildirib, kampaniyanın baş tutmasını milli xeyriyyəçilik ənənələrimizin yaşamasının simvolu olduğunu qeyd edib.

"Kampaniya elan edilən gündən etibarən yüzlərlə vətəndaş İKGF ofisinə gələrək nağd şəklində və bank köçürmələri vasitəsilə bu kampaniyaya qoşulublar. Belə xeyirxah aksiyalar Azərbaycanın qisa bir müddət ərzində vaxtilə başqalarından yardım qəbul edən ölkədən hazırda dünyanın ucqar nöqtələrinə belə donorluq edən ölkəyə çevrildiyini nümayiş etdirir", - İsgəndərov bildirib.

10 iş günü müddətində davam edən kampaniyanın bütün təşkilati və cari işləri, alınacaq ərzaqların Somaliyə çatdırılması, nümayəndələrin getməsi zamanı baş verən bütün xərclər İKGF-in hesabına ödənilir. Kampaniya çərçivəsində kampaniyaya dəstək olmaq məqsədilə İKGF İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələrin Bakıda akkreditə olunmuş səfirlik nümayəndələrinə, daha sonra İslam Konfransi Gənc İş Adamları Şəbəkəsi (İKGİAŞ) Azərbaycan Milli Komitəsinin üzvlərinə və yardım göstərmək istəyən vətəndaşlar üçün açıq şəkildə xeyriyyə iftarı təşkil edib.

Həmçinin, bir neçə ictimai təşkilat kampaniyaya qoşularaq müstəqil surətdə maliyyə vəsaiti toplayıb, sonda kampaniyanın bank hesabına köçürüblər.

İKGF Somalidə aclıq çəkən hər ailənin bir aylıq ərzaq ehtiyaclarını ödəyə biləcək ərzaq paketlərini biri 60 ABŞ dolları olmaqla hazırlamağı və Azərbaycanda toplanmış vəsaitin 1200-dən artıq ailənin (beş min nəfərdən artıq şəxsin) bir aylıq qidasını təmin etməsini planlaşdırır.

Xəbər lenti

Xəbər lenti