...

Azərbaycan Təhsil Nazirliyi qızıl və gümüş medal alan məzunların sayının az olmasının səbəblərini açıqlayıb

Cəmiyyət Materials 5 Sentyabr 2011 15:41 (UTC +04:00)
Azərbaycan Təhsil Nazirliyi orta məktəblərdə qızıl və gümüş medal alan məzunların sayının az olmasının səbəblərini açıqlayıb.
Azərbaycan Təhsil Nazirliyi qızıl və gümüş medal alan məzunların sayının az olmasının səbəblərini açıqlayıb

Azərbaycan, Bakı, 5 sentyabr /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycan Təhsil Nazirliyi orta məktəblərdə qızıl və gümüş medal alan məzunların sayının az olmasının səbəblərini açıqlayıb. Təhsil Nazirliyinin Monitorinq və qiymətləndirilmə şöbəsinin müdiri Təranə Hacıyeva Trend-ə bildirib ki, bu il Naxçıvan Muxtar Respublikası istisna olmaqla, ölkədə tam orta təhsil səviyyəsini 91 min şagird bitirib. Onlardan yalnız 53-ü qızıl və gümüş medal alıb.

Medal almaq üçün tələb olunan kriteriyaları açıqlayan Hacıyevanın sözlərinə görə, qızıl və gümüş medalı ümumtəhsil məktəbində təhsil aldığı müddətdə təhsildə xüsusi nəticələri ilə yanaşı, nümunəvi davranışı ilə fərqlənən tam orta təhsil səviyyəsinin məzunları ala bilərlər. Medal almaq üçün məzunlar respublika fənn olimpiadalarının yekun mərhələsində, rayon (şəhər), ölkə və beynəlxalq səviyyəli bilik yarışlarında, müsabiqə və layihələrdə mükafata layiq görülməlidir.

Qızıl və ya gümüş medalla təltifi üçün namizədliyi verilən təhsilalanlardan attestata yazılan yekun qiymətləri yalnız "əla" olanlar qızıl medala, attestata yazılan yekun qiymətlərindən ən çoxu ikisi "yaxşı" (tədris dili və riyaziyyat istisna edilməklə) olanlar isə gümüş medala layiq görülürlər.

Nazirlik rəsmisi bu il qeyd edilən bu meyarlara daha bir göstəricinin əlavə edildiyini də deyib.

"Medal verilən namizədlər müəyyənləşərkən şagirdlərin yalnız imtahan fənləri deyil, 1-ci sinifdən 11-ci sinfədək bütün fənlər üzrə tam kursu yüksək səviyyədə mənimsəməsi nəzərə alınır. Bu il biz Təşkilat Komitəsinin qərarı ilə məzunların TQDK-nın keçirdiyi sınaq imtahanlarında topladığı bala da fikir verdik", - Hacıyeva deyib.

Onun sözlərinə görə, qoyulan tələblər və aparılan seçim medal alan şagirdlərin sayının az olmasına, eyni zamanda, seçimin də keyfiyyətli olmasına gətirib çıxarıb.

Nazirlik rəsmisi qeyd edib ki, medal alan 53 şagirdin 40-ı ali məktəblərə qəbul imtahanlarında 600-700 bal, qalanları isə 500-600 bal toplayıb. Həmin məzunlar respublikanın və dünyanın nüfuzlu ali məktəblərinə daxil olublar.

"Təhsil haqqında" qanuna əsasən, Nazirlər Kabineti 14 yanvar 2010-cu il tarixli 8 nömrəli qərarla "Ümumi təhsili xüsusi nailiyyətlərlə başa vuran məzunların qızıl və ya gümüş medalla təltif olunma Qaydası"nı təsdiqləyib. Bu qaydalara uyğun olaraq, tam orta təhsil səviyyəsində təhsil alan şagirdlərin qızıl və ya gümüş medalla təltifi üçün namizədliyinin irəli sürülməsi məsələsinə sinif rəhbərinin təqdimatı əsasında məktəbin pedaqoji şurasında baxılıb müvafiq qərar qəbul edilir.

Xəbər lenti

Xəbər lenti