Üçüncü abzasdan sonra əlavə olunub (ilk xəbər saat 15:19-da yayılıb)
Azərbaycan, Bakı, 30 sentyabr /Trend, müxbir T.Hacıyev/
Gələn ildən Azərbaycanda tələbə qəbulu zamanı elektron imzalar tətbiq oluna bilər.
Trend-in məlumatına görə, bu barədə cümə günü jurnalistlərə açıqlamasında Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə bildirib.
"Biz hazırda elektron imzanın tətbiqi üzərində işləyirik. Növbəti ildə keçiriləcək imtahanlarda elektron imzanın tətbiq olunmasının mümkünlüyünü araşdırırıq. Biz pilot layihələr işləyəcəyik və abituriyentlərin bu sistemdən daha rahat istifadəsini təmin edəcəyik", - Abbaszadə əlavə edib.
Abbaszadə deyib ki, elektron imzanın tətbiq olunmasından sonra sənədi təsdiq etmək üçün sənəd qəbulu komissiyasına getmək lazım olmayacaq. Bunun üçün elektron imza atmaq kifayət edəcək.
TQDK sədri bildirib ki, oktyabr ayında elmi-metodik seminarlar başlayacaq.
"Həmin seminarlarda builki imtahanların nəticələri və gələcək imtahanların proqramı müzakirə olunacaq. Həmin müzakirələrdən sonra proqramlarda dəyişikliklik edilib-edilməməsi barədə ictimaiyyətə məlumat veriləcək", - Abbaszadə deyib.
TQDK sədri onu da qeyd edib ki, gələcək imtahan qaydaları noyabr ayında elan olunacaq.