...

Azərbaycan ombudsmanı ABŞ-ın "Children Uniting Nations" təşkilatının rəhbərini qəbul edib

Cəmiyyət Materials 30 Sentyabr 2011 21:04 (UTC +04:00)
Azərbaycanın insan hüquqları üzrə müvəkkili Elmira Süleymanova ABŞ-ın "Children Uniting Nations" təşkilatının rəhbəri xanım Dafna Edvards Zimanı qəbul edib.
Azərbaycan ombudsmanı ABŞ-ın "Children Uniting Nations" təşkilatının rəhbərini qəbul edib

Azərbaycan, Bakı, 30 sentyabr /Trend, müxbir B.Hacıyev/

Azərbaycanın insan hüquqları üzrə müvəkkili Elmira Süleymanova ABŞ-ın "Children Uniting Nations" təşkilatının rəhbəri xanım Dafna Edvards Zimanı qəbul edib. Görüşdə Milli Məclisin deputatı, Respublika Uşaq Təşkilatının rəhbəri Gülər Əhmədova iştirak edib.

Müvəkkil qonaqları salamlayıb, ombudsman təsisatının fəaliyyəti barədə ətraflı məlumat verib, uşaq hüquqlarının müdafiəsi, təmini və təbliğinə də böyük diqqət yetirildiyini, YUNİSEF-in ölkəmizdəki nümayəndəliyi ilə sıx, qarşılıqlı əlaqələrin qurulduğunu vurğulayıb. Təsisatda əhalinin müxtəlif qrupları üzrə ixtisaslaşmış müşavirlər institutunun yaradıldığı, müvəkkilin uşaq hüquqları üzrə də müşavirinin fəaliyyət göstərdiyi vurğulanıb.

Ombudsman Azərbaycan tərəfindən çoxsaylı beynəlxalq konvensiyaların, o cümlədən uşaq hüquqları sahəsində beynəlxalq-hüquqi sənədlərin ratifikasiya edildiyini diqqətə çatdırıb. Qeyd olunub ki, müvəkkil Avropa Şurasının Uşaqların cinsi istismar və sui-istifadədən müdafiəsinə dair Konvensiyasının ölkəmiz tərəfindən imzalandığını nəzərə alaraq, bu konvensiyanı Milli Məclisin ratifikasiya etməsini, həmçinin "Uşaqların cismani cəzadan müdafiəsi haqqında" qanunun qəbul olunmasını təklif edib. Müvəkkilin uşaq hüquqları üzrə ilk ixtisaslaşmış məruzəsində müvafiq qurumlara təklif və tövsiyələrin ünvanlandığı bildirilib.

Müvəkkilin təşəbbüsü və Təhsil Nazirliyi ilə razılaşma əsasında Bakının 14 pilot məktəbində şagirdlərin iştirakı ilə uşaq hüquqları üzrə pilləli tədrisin həyata keçirildiyi, bu təcrübənin yüksək dəyərləndirilərək həmin təhsil ocaqlarında ilk Uşaq Hüquqları Tədrisi Mərkəzlərinin yaradıldığı, cari dərs ilindən respublikamızın səkkiz ümumtəhsil məktəbini əhatə etməklə pilləli tədrisin davam etdiriləcəyi diqqətə çatdırılıb. Təsisatda uşaq hüquqları üzrə nəşrlər, pilləli tədris üzrə dərslik və dərs vəsaiti, habelə plakatlar hazırlandığı və maarifləndirmə tədbirlərində əyani vəsait kimi istifadə olunduğu nəzərə çatdırılıb, bu sahədə yeni tədris proqramlarının tərtib olunmasının zəruriliyi vurğulanıb.

Elmira Süleymanovanın üzv seçildiyi Avropa Uşaq Hüquqları Ombudsmanları Şəbəkəsində (ENOC) Azərbaycan ombudsmanının təklifi üzrə Avropa Uşaq Təşkilatları Şəbəkəsinin (ENYA) yaradıldığı və onun tərkib hissəsi olan Elektron Forumunda müvəkkilin uşaq hüquqları üzrə resurs mərkəzi olan Azərbaycan Uşaq və Gənclərin Sülh Şəbəkəsinin üzvlərinin də fəal iştirak etdiyi vurğulanıb.

Müvəkkil uşaqlara qarşı fiziki və mənəvi, psixoloji zorakılığın yolverilməz olduğunu, bu cür xoşagəlməz hallarla mübarizənin gücləndirilməsinin zəruriliyini diqqətə çatdırıb, həmin ağrılı problemin həllinə birgə səylərlə nail olmağın mümkünlüyünü söyləyib.

Ombudsmanın dörd regional mərkəzinin yerlərdə insan hüquqlarının, o cümlədən uşaq hüquqlarının müdafiəsi üzrə geniş hüquqi maarifləndirmə işi apardığı, bu mərkəzlərin əməkdaşlarından birinin müvəkkilin uşaq hüquqları üzrə müşaviri təyin edildiyi bildirilib.

Uşaq Hüquqları Konvensiyasının implementasiyası ilə bağlı müstəqil monitorinqin keçirilməsi üzrə müvəkkilin fəaliyyəti, təsisatda uşaq hüquqları ilə bağlı yaradılmış qaynar xətt barədə məlumat verilib.

Ziman təmsil etdiyi ölkədə uşaq müəssisələrindəki uşaqların hüquqlarının müdafiəsi sahəsində vəziyyət, görülən işlər barədə danışıb. O, Azərbaycandakı uşaq təşkilatlarının fəaliyyəti ilə maraqlandığını diqqətə çatdırıb.

Qonaq aldığı məlumatlardan məmnun olduğunu, ombudsmanın insan hüquqları, o cümlədən uşaq hüquqları sahəsində fəaliyyətini, dinamik, çevik iş tərzini, strategiyalarını yüksək qiymətləndirib, bu istiqamətdə birgə əməkdaşlığa hazır olduğunu söyləyib. O, uşaq hüquqları barədə yazdığı "Gray Zone" kitabını müvəkkilə təqdim edib.

Süleymanova ombudsmanın uşaq hüquqları üzrə resurs mərkəzi olan Azərbaycan Uşaq və Gənclərin Sülh Şəbəkəsi ilə Children Uniting Nations təşkilatının uşaq hüquqları sahəsində şəbəkə şəklində fəaliyyət göstərməsini təklif edib.

Ziman müvəkkilin bu təklifini məmnunluqla qəbul edib, öz növbəsində uşaq alveri və zorakılığı, uşaqların alkoqol və narkotiklərdən istifadəsinə qarşı mübarizə mövzusunda Bakıda beynəlxalq konfrans keçirməyi, ABŞ-da uşaq hüquqları sahəsində həyata keçirilən müxtəlif layihələr çərçivəsində əməkdaşlığı təklif edib, bu təkliflər də razılıqla qarşılanıb.

Görüş səmərəli fikir və təcrübə mübadiləsi şəraitində başa çatıb.

Xəbər lenti

Xəbər lenti