...

"Təhsil haqqında" qanunu kim necə istəyir, elə də yoza bilməz - millət vəkli

Cəmiyyət Materials 11 Oktyabr 2011 15:46 (UTC +04:00)

Azərbaycan, Bakı, 11 oktyabr /Trend, müxbir M.Əliyev/

Azərbaycanın "Təhsil haqqında" qanununda 5 yaşlı uşaqların məktəbəqədər təhsilə cəlb edilməsi hökm kimi yazılmayıb və qanunu kim necə istəyir, elə də yoza bilməz. Bunu çərşənbə axşamı Trend-ə millət vəkili, Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Asəf Hacıyev bəzi məktəblərin birinci sinfə uşaq qəbul edərkən məktəbəqədər təhsili şərt kimi qoymasına münasibət bildirərkən deyib.

"Qanunda bu müddəa sərt şəkildə yazılmayıb. Bəzi insanlar qanunu başqa istiqamətdə yozmaq istəyirlər. Bu, artıq məmurların işi ilə bağlıdır", - Hacıyev bildirib.

Millət vəkili qeyd edib ki, təhsil sistemi yüksək sürətlə inkişaf edir və qanun da zamanın tələblərinə uyğun dəyişdirilməlidir. "Hazırda "Təhsil haqqında" qəbul olunmuş qanun isə zamanın tələblərinə cavab verir", - o deyib.

Azərbaycanın millət vəkili Gövhər Baxşəliyeva isə "Təhsil haqqında" qanunda dəyişiklik edilməsini və qanundan 5 yaşlı uşaqların məktəbəqədər təhsilə cəlbinin zəruriliyi ilə bağlı müddəanın çıxarılmasını təklif edib.

Millət vəkili bazar ertəsi Trend-ə müsahibəsində bildirmişdi ki, bu gün respublikadakı bağçaların sayı azdır, buna görə də uşaqların hamısı bağçaya gedə bilmirlər. "Təcrübə göstərdi ki, məktəbəqədər təhsilin zəruriliyinin qanunda qeyd edilməsi bir qədər tez olub. Məncə, buna görə də keçid dövrü üçün "zəruri" sözü çıxarılmalıdır. Çünki bu, təhsildə müəyyən problemlər yaradır. Məktəbə uşaq qəbul edildikdə də belə bir irad səslənə bilər ki, uşaq hazırlıq keçməyib. Buna görə uşaq götürülməyə bilər. Bu isə düz deyil", - Baxşəliyeva deyib.

"Təhsil haqqında" qanun ölkə Prezidenti İlham Əliyev tərəfindən 2009-cu ilin 19 iyununda təsdiqlənib.

"Təhsil haqqında" qanuna görə, Azərbaycanda məktəbəqədər təhsil üç yaşdan başlayır.

Qanunun 18.4-cü maddəsində qeyd olunur ki, beş yaşlı uşaqlar üçün məktəbə hazırlıq zəruridir.

Xəbər lenti

Xəbər lenti