...

Azərbaycanda qanunsuz fəaliyyət göstərən mehmanxanaların siyahısı hazırlanıb

Cəmiyyət Materials 13 Oktyabr 2011 16:01 (UTC +04:00)
Azərbaycanda qanunsuz fəaliyyət göstərən mehmanxanalarla bağlı tədbirlərin görülməsi üçün dövlət orqanlarına müraciət ediləcək.
Azərbaycanda qanunsuz fəaliyyət göstərən mehmanxanaların siyahısı hazırlanıb

Azərbaycan, Bakı, 13 oktyabr /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi ölkə ərazisində qanunsuz fəaliyyət göstərən mehmanxana və mehmanxana tipli obyektlərlə bağlı ciddi tədbirlərin görülməsi məqsədilə yaxın günlərdə vergi və digər səlahiyyətli dövlət orqanlarına müraciət edəcək. Bunu cümə axşamı Trend-ə nazirliyin Tədqiqat işləri, statistika və lisenziyalaşdırma sektorunun müdiri Rəhman Oruclu deyib.

Onun sözlərinə görə, artıq qanunsuz fəaliyyət göstərən mehmanxana və mehmanxana tipli obyektlərin siyahısı hazırlanıb. Siyahıda 150-dən çox mehmanxana və mehmanxana tipli obyektin adı qeyd edilib.

Oruclunun sözlərinə görə, ölkədəki lisenziyasız mehmanxana və mehmanxana tipli obyektlərin daha çoxu şimal bölgəsində fəaliyyət göstərir.

Nazirlik rəsmisinin sözlərinə görə, ölkədəki mehmanxana və mehmanxana tipli obyektlər lisenziya almaq istəsə də, onların hamısı buna nail ola bilmir. Əsas səbəb isə həmin obyektlərin sənədlərindəki çatışmazlıqdır.

"Lisenziyanın verilməsi üçün Nazirlər Kabinetinin (NK) müvafiq qərarına uyğun olaraq, müəyyən sənədlər tələb olunur. Amma onlarda həmin sənədlər olmur. Belə olan halda lisenziya almaq üçün müraciət olunduqda, biz NK-nın qərarını poza bilmərik", - Oruclu deyib.

Onun sözlərinə görə, qanunsuz fəaliyyət göstərən turizm şirkətləri ilə bağlı vəziyyət nisbətən yaxşıdır. Oruclu deyib ki, ölkədə lisenziyasız fəaliyyət göstərən turizm şirkətlərinin sayı çox azdır.

"Mütəmadi olaraq monitorinqlərimiz keçirilir. Bu il 2 qeyri-qanuni fəaliyyət göstərən turizm şirkətinin fəaliyyəti dayandırılıb. Bu işlər davam edir və belə şirkətlər aşkarlandıqca onların fəaliyyətinin qarşısı alınır", - Oruclu əlavə edib.

Hazırda Azərbaycanda 500-ə yaxın mehmanxana və mehmanxana tipli obyekt fəaliyyət göstərir.

Xəbər lenti

Xəbər lenti