...

Bu il Azərbaycanda əhalinin sayı 90 min nəfər artıb

Cəmiyyət Materials 21 Oktyabr 2011 14:13 (UTC +04:00)
Bu il ərzində Azərbaycanda əhalinin sayı 90 min nəfər və ya 1 faiz artaraq 9201,1 min nəfərə çatıb.
Bu il Azərbaycanda əhalinin sayı 90 min nəfər artıb

Azərbaycan, Bakı, 21 oktyabr /Trend, müxbir İ.İsabalayeva/

Bu il ərzində Azərbaycanda əhalinin sayı 90 min nəfər və ya 1 faiz artaraq 9201,1 min nəfərə çatıb.

Dövlət Statistika Komitəsindən cümə günü Trend-ə verilən məlumata görə, bu ilin yanvar-oktyabr ayı ərzində əhalinin sıxlığı bir kvadrat kilometrə 106 nəfər olub.

Əhalinin 49,6 faizini kişilər, 50,4 faizini qadınlar təşkil edir.

Əhalinin 22 faizi 0-14, 72 faizi 15-64 yaşda, 6 faizi 65 və ondan yuxarı yaşda olanlardır. Hazırda hər 1000 nəfər kişiyə 1017 qadın düşür.

Bu ilin yanvar-oktyabr ayları ərzində 88,8 min körpə doğulub və ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə hesabı ilə doğumun səviyyəsi 18,1-dən 19-dək artıb.

Doğulanların 54 faizi oğlanlar, 46 faizi qızlar olub. Cari ildə doğulan körpələr üçün 73,6 yaş ömür uzunluğu gözlənilir.

Hesabat müddətində ölkədə 40,2 min ölüm halı qeydə alınıb. Ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə hesabı ilə ölümün səviyyəsi 6,1-dən 5,9-a qədər azalıb.

Yanvar-oktyabr ayları ərzində Azərbaycanda 61,6 min nikah, 8 min boşanma qeydə alınıb. Ötən ilin müvafiq dövrü ilə müqayisədə bu il əhalinin hər 1000 nəfərinə hesabı ilə nikahların sayı 8-dən 9,1-ə, boşanmaların sayı isə 1-dən 1,2-yə qədər artıb.

İlin əvvəlindən Azərbaycana yaşamaq üçün 1,6 min nəfər gəlib və 0,4 min nəfər ölkədən gedib.

Xəbər lenti

Xəbər lenti