Azərbaycan, Bakı, 21 oktyabr /Trend, müxbir M.Əliyev/
Azərbaycanda ictimai yerlərdə siqaret çəkilməsini qadağan edən qanun qəbul olunduqdan sonra İnzibati Xətalar Məcəlləsinə də cərimələrin məbləği, lisenziyaların alınma qaydaları ilə bağlı müvafiq əlavələr ediləcək. Bu barədə cümə günü Trend-ə millət vəkili, Parlamentin Sosial siyasət komitəsinin sədr müavini Musa Quliyev bildirib.
Onun sözlərinə görə, Azərbaycanda qanun layihəsi hazırlanarkən Türkiyənin təcrübəsindən istifadə olunub.
"Türkiyədə qadağan olunan yerdə siqaret çəkilməsi üçün fiziki şəxslərə 70 YTL (30 manat), hüquqi şəxslərə isə 300-5000 YTL (125-2100 manat) cərimə tətbiq olunur. Əgər bir il ərzində müəssisədə bu barədə qanun iki dəfə pozularsa, hətta hüquqi şəxsi 5 il lisenziyadan məhrum edilə bilər", - Quliyev deyib.
Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin Əhalinin sağlamlığı şöbəsinin müdiri Tofiq Musayev Trend-ə bildirib ki, Azərbaycanda qanunun qəbul olunması vaxtı xüsusi seçilməlidir. "Soyuq aylarda əhali əsasən qapalı istirahət yerlərində, yaxud digər mərkəzlərdə oturur və qadağa həmin müəssisələrə ciddi ziyan vura bilər. İsti aylarda isə əsasən bayırda oturulduğundan qapalı yerlərdə siqaret çəkilməməsinə əhali tədricən vərdiş edər", - şöbə müdiri deyib.
Azərbaycan 2005-ci ildə Tütün İstehlakının Məhdudlaşdırılmasına dair Konvensiyaya qoşulub.
Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, dünyada tütündən istifadə səbəbindən hər il təxminən 5,4 milyon insan ölür. 2030-cu ilə qədər isə ölənlərin sayının 8 milyondan çox olacağı gözlənilir. Hesablamalara görə, XX əsrdə tütün 100 milyon insanın ölümünə səbəb olub. XXI əsrdə isə tütündən 1 milyard insanın dünyasını dəyişəcəyi proqnozlaşdırılır.