Azərbaycan, Bakı, 3 noyabr /Trend, müxbir M.Əliyev/
Yeni vaqonlar Bakı Metropoliteninin vaqon parkının 75 faizini təşkil edir. Trend-in məlumatına görə, bunu Bakı Metropoliteninin rəisi Tağı Əhmədov cümə axşamı hakim Yeni Azərbaycan Partiyasının rəsmi saytına müsahibəsində bildirib.
Onun sözlərinə görə, köhnəlmiş vaqonlar 2003-cü ildən etibarən dəyişdirilir və artıq 166-dək yeni vaqon alınıb.
"Bu, kifayət qədər yaxşı göstəricidir və Azərbaycan xalqına yüksək xidmət deməkdir", - o qeyd edib.
Əhmədovun sözlərinə görə, Metropolitendən gün ərzində 600 minə yaxın sərnişin istifadə edirsə, metrosuz Bakının nəqliyyat sistemini təsəvvür etmək belə mümkün deyil. "600 min sərnişin Bakı əhalisinin təxminən 35-37 faizi deməkdir. Əgər metro olmasaydı, şəhərimizdə necə tıxaclar yaranar, nəqliyyat sistemi iflic olardı", - o deyib.
Əhmədov həmçinin bildirib ki, 2013-cü ildə Bakı Metropoliteninin daha 2 stansiyasının istifadəyə verilməsi nəzərdə tutulur - "Memar Əcəmi-2" ("Memar Əcəmi" stansiyasından keçid) və "Avtovağzal" stansiyaları. Onun sözlərinə görə, hazırda qeyd olunan istiqamətdə tikinti işləri davam etdirilir. "Metronun "Memar Əcəmi" stansiyasından paytaxtın "Azadlıq" meydanına xəttin çəkilişi də planlaşdırılır", - Metropoliten rəisi deyib.