Azərbaycan, Bakı, 21 noyabr /Trend, müxbir M.Əliyev/
Azərbaycanda bütün idman federasiyaları dopinq sayılan dərmanların ən yeni siyahısı ilə təmin olunublar. Bu barədə Trend-ə bazar ertəsi Gənclər və İdman Nazirliyinin idman şöbəsinin müdiri Mirkamil Rəhimov bildirib.
"Dopinq haqqında qanun var və qadağan olunmuş maddələrin siyahısı Ümumdünya Antidopinq Agentliyi (World Anti-Doping Agency - WADA) tərəfindən hər il təsdiqlənir. Azərbaycan da hər il yeni təsdiq olunmuş siyahını əldə edir", - o deyib.
Rəhimov bildirib ki, siyahı ilə bağlı bütün federasiyalar məlumatlandırılır.
O qeyd edib ki, idmançı hansısa dərmanı qəbul etməmişdən qabaq, ilk növbədə, öz həkiminə müraciət etməlidir. "Səhlənkarlıq edirsə, bu artıq onun problemidir", - şöbə müdiri əlavə edib.
Onun sözlərinə görə, dopinq nəzarətini həyata keçirən tibb mərkəzləri də yeni siyahılarla və maddələr barədə məlumatlandırılıblar.
Hazırda WADA-nın "Qadağan olunan" siyahısına tibbdə istifadə olunan 15 min maddədən 300-ü daxil edilib. Bunlar həm dopinqə aid olanlar, həm də dopinq testlərin saxtalaşdırılmasına şərait yaradan maddələrdir.
WADA-nın təsdiq etdiyi yeni siyahı 2012-ci il yanvarın 1-dən qüvvəyə minəcək.
Azərbaycan idmançılarında müxtəlif illərdə yoxlanışdan keçərkən dopinqdən istifadə halları aşkarlanıb. Sonuncu belə fakt Azərbaycanın futbol üzrə millisinin oyunçusu Mahir Şükürovda aşkarlanıb. UEFA Şükürovun Azərbaycanın Türkiyə millisi ilə oyun zamanı dopinqdən istifadə etdiyini iddia edir.