...

Azərbaycanın aparıcı avarçəkənləri təlim-məşq toplantısına yollanır

Cəmiyyət Materials 30 Noyabr 2011 18:16 (UTC +04:00)

Azərbaycan, Bakı, 30 noyabr /Trend/

2012-ci ildə keçiriləcək nüfuzlu yarışlara daha yaxşı hazırlıq məqsədilə Azərbaycan avarçəkənləri xaricdə təlim-məşq toplantılarına start verirlər. İlk hazırlıq prosesi dekabrın 1-də Bolqarıstanın Belmeken bazasında start götürəcək.

Azərbaycan Milli Avarçəkmə Federasiyasının mətbuat xidmətindən çərşənbə günü Trend-ə verilən məlumata görə, 3 həftəyədək davam edəcək toplanışa akademik avarçəkənlərimiz Aleksandr Aleksandrov, Boris Yotov, Nataliya Mustafayeva, İskra Angelova və Viktoriya Nençeva, eləcə də kanoe üzrə 3 qat Avropa və 3 qat dünya çempionu Valentin Demyanenko qatılacaq. Demyanenko şəxsi məşqçisi Anatoli Dudnikin rəhbərliyi altında çalışacaq. Akademik avarçəkənlərimizin hazırlığına isə milli komandamızın baş məşqçisi Rudiger Hauffe ilə onun köməkçisi Yuliana Stoyeva nəzarət edəcək.

Qeyd edək ki, Belmeken bazası dəniz səviyyəsindən 2000 metr yüksəklikdə yerləşir. Burada avarçəkənlərimiz fiziki hazırlıq səviyyələrini, dözümlülüklərini daha da yüksəltmək məqsədilə intensiv məşqlər edəcəklər. Toplanışa yollananlardan Valentin Demyanenko, Aleksandr Aleksandrov və Nataliya Mustafayeva artıq 2012-ci il London Yay Olimpiya Oyunlarına lisenziya qazanıblar. Viktoriya Nençeva - İskra Angelova dueti də olimpiadaya vəsiqə qazanmağa iddialıdır. Onlar gələn il keçiriləcək olimpiya təsnifat turnirində bu vəzifənin öhdəsindən gəlməyə çalışacaqlar. Cəmi 16 yaşa malik Boris Yotov isə istedadlı akademik avarçəkənlərimizdən sayılır. Yotov bu il 18 yaşadək akademik avarçəkənlər arasında Avropa çempionatında gümüş medal qazanıb.

Xəbər lenti

Xəbər lenti