...

Azərbaycanda məişət zorakılığı törətmiş şəxslərin qeydiyyata götürülməsi qaydaları açıqlanıb

Cəmiyyət Materials 21 Dekabr 2011 10:36 (UTC +04:00)
Azərbaycan hökuməti məişət zorakılığı törətmiş şəxslərin profilaktik qeydiyyata götürülməsi qaydalarını müəyyən edib.
Azərbaycanda məişət zorakılığı törətmiş şəxslərin qeydiyyata götürülməsi qaydaları açıqlanıb

Azərbaycan, Bakı, 21 dekabr / Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycan hökuməti məişət zorakılığı törətmiş şəxslərin profilaktik qeydiyyata götürülməsi qaydalarını müəyyən edib.

Nazirlər Kabinetindən Trend-ə verilən məlumata görə, bununla bağlı "Məişət zorakılığı törətmiş şəxslərin profilaktik qeydiyyata götürülməsi və həmin şəxslərlə tərbiyəvi-qabaqlayıcı işin aparılması" Qaydası təsdiq olunub.

Məişət zorakılığı törətmiş şəxslərin profilaktik qeydiyyata götürülməsi və həmin şəxslərlə tərbiyəvi-qabaqlayıcı işin aparılması məişət zorakılığının qarşısının alınması, ailələrdə normal münasibətlərin yaradılması, məişət zorakılığı hallarının və ondan yaranan mənfi hüquqi, tibbi və sosial nəticələrin aradan qaldırılması məqsədlərini daşıyır.

Qaydalar bu işin yerli icra hakimiyyəti orqanları tərəfindən aparılmasını müəyyən edib.

Bu məqsədlə məişət zorakılığı halları ilə bağlı araşdırma aparmış cinayət təqibi və yerli icra hakimiyyəti orqanları tərəfindən belə şəxslər barədə onların yaşadığı (olduğu) yerin icra hakimiyyəti orqanına məlumat göndərilir.

Məişət zorakılığı törətmiş şəxslərin profilaktik qeydiyyata götürülməsi barədə həmin şəxslərə məlumat verilir.

Məişət zorakılığı törətmiş şəxslərlə tərbiyəvi-qabaqlayıcı işin aparılmasına psixoloqlar, pedaqoqlar və digər mütəxəssislər, habelə qeyri-hökumət təşkilatları cəlb olunurlar.

Qaydalar belə şəxslərlə fərdi tərbiyəvi-qabaqlayıcı iş aparılmasını da müəyyən edir.

Bu Qayda törətdiyi cinayətə görə müəyyən müddətə azadlıqdan məhrumetmə, ömürlük azadlıqdan məhrumetmə kimi cəzalara məhkum olunmuş şəxslərə, açıq və qapalı tipli xüsusi təlim-tərbiyə, tibbi-tərbiyə müəssisələrində yerləşdirilmiş yetkinlik yaşına çatmayan şəxslərə şamil edilmir.

Xəbər lenti

Xəbər lenti