...

Azərbaycan KİV-ləri və jurnalist təşkilatları beynəlxalq jurnalist təşkilatlarına müraciət edib (FOTO)

Cəmiyyət Materials 27 Dekabr 2011 12:18 (UTC +04:00)

Azərbaycan, Bakı, 27 dekabr / Trend müxbir M.Əliyev/

Azərbaycanın kütləvi informasiya vasitələri və jurnalist təşkilatlarının rəhbərləri Fransa Milli Assambleyasının qondarma "erməni soyqırımı" iddialarını inkara görə cinayət məsuliyyəti nəzərdə tutan qanunu qəbul etməsi ilə əlaqədar beynəlxalq jurnalist təşkilatlarına müraciət edib.

Trend-in məlumatına görə, müraciət Azərbaycan Jurnalist Qadınlar Assosasiyasının təşkilatçılığı ilə çərşənbə axşamı keçirilən tədbirdə qəbul olunub.

"Tarixi erməni yalanlarına söykənən iddialar səbəbindən insanların söz və fikir azadlıqlarının məhdudlaşdırılması, bu və ya digər tarixi hadisəyə, dönəmə fərqli münasibətə görə azadlıqdan məhrum etmə kimi cəza mexanizminin tətbiqi sivil dünyanın dəyərlərinə meydan oxumaq, bəşəriyyəti geriyə - inkvizisiya dövrünə doğru sürükləmək deməkdir", - müraciətdə deyilir.

Azərbaycan Jurnalist Qadınlar Assosasiyasının sədri Sevil Yusifova tədbirdə bildirib ki, belə bir sənəd söz azadlığına, plüralizmə vurulan zərbədir. Onun sözlərinə görə, özünü demokratik adlandıran ölkədə belə qanunun qəbul olunması utancvericidir. Yusifova qeyd edib ki, jurnalistlər bu məsələni həssaslıqla qarşılamalıdırlar.

Tədbirdə Azərbaycan Milli Məclisinin üzvü Qənirə Paşayeva bildirib ki, Fransa Milli Assambleyasının qəbul etdiyi qərar bugünkü Avropanın üzərində durduğu dəyərlərə ziddir.

"Bu qanun qəbul olunandan sonra heç bir jurnalist ədalətli araşdırma apara bilməz, çünki buna görə həbs cəzası ilə üzləşəcək", - Paşayeva deyib.

Onun sözlərinə görə, bu məsələ türk millətinə qarşı böhtandır.

"Türk milləti, əksinə, soyqırıma məruz qalmış xalqlara qucaq açıb. Yaxşı olardı ki, Fransa parlamenti öz tarixini təftiş etsin", - millət vəkili deyib.

Paşayeva deyib ki, bu qanunun Senatda qəbulu Fransanın ATƏT-in Minsk qrupunun həmsədri kimi qalıb-qalmayacağını göstərəcək.

"Azərbaycan cəmiyyəti artıq Fransanın neytrallığını qorumasına şübhə ilə yanaşır", - o deyib.

Tədbirdə millət vəkili Qüdrət Həsənquliyev bildirib ki, Fransa Milli Assambleyasının qəbul etdiyi qanun Türkiyəni regional və dünya siyasətində sıxışdırmaq niyyətini daşıyır.

"Qanunun qəbul olunmasından sonra Türkiyə ilə bərabər Azərbaycan da Fransa ilə öz münasibətlərinə yenidən baxmalıdır", - millət vəkili deyib.

Onun sözlərinə görə, Fransanın erməni təəssübkeşliyini nümayiş etdirməsi onun ATƏT-in Minsk qrupunun həmsədri kimi fəaliyyətini davam etdirməsini qəbuledilməz olduğunu göstərir.

"Böyük güclərdən çəkinməyərək xalqlar öz iradəsini ortaya qoymalıdır", - Həsənquliyev deyib.

Millət vəkili Fazil Mustafa tədbirdə bildirib ki, Türkiyə və Azərbaycan bu məsələ ilə bağlı konkret addımlar atmalıdır. "Bu gün YUNESKO, Avropa Şurası kimi beynəlxalq təşkilatların mənzil-qərargahı Fransada yerləşir. Türkiyə müəyyən tələblər irəli sürərək bu qurumların Fransadan çıxarılmasına nail ola bilər", - deputat deyib.

Onun sözlərinə görə, məlum qanunun qəbulu Fransanın nüfuzuna ciddi zərbə vuracaq. Bu günədək "erməni soyqırımı"nın tanınması bir sıra ölkələrdə də müzakirə olunurdusa, artıq bu cür antidemokratik qanundan sonra Fransa söz azadlığına zərbə vuran ölkə kimi qələmə veriləcək.

Müraciət "Artikl 19" beynəlxalq jurnalist təşkilatına, Avropa Jurnalistlər Federasiyasına, Avropa Jurnalistika Mərkəzinə, Beynəlxalq Jurnalist Şəbəkəsinə, Beynəlxalq Jurnalistlər Federasiyasına, Mətbuatın Beynəlxalq Təhlükəsizliyi İnstitutuna, Beynəlxalq Mətbuat İnstitutuna, "Sərhədsiz Reportyorlar" media təşkilatına, Beynəlxalq Avrasiya Mətbuat Fonduna ünvanlanıb.

Ötən həftə Fransa Milli Assambleyası qondarma "erməni soyqırımı"nın inkarına görə cinayət məsuliyyətini nəzərdə tutan qanun layihəsini qəbul edib.

Fransa parlamentinin 577 deputatından səsvermədə 45-i iştirak edib. Bu 45 deputatdan 38-i lehinə, 7-si isə əleyhinə səs verib.

Yeni qanun layihəsi qondarma "erməni soyqırımı"nı inkar edənlərə qarşı bir ilədək azadlıqdan məhrumetmə cəzası və 45 min avro həcmində cəriməni nəzərdə tutur.

Dekabrın əvvəllərində Fransada parlament çoxluğunu təşkil edən Xalq Hərəkatı Naminə Birlik Partiyasından (UMP) olan deputatlar Milli Yığıncağın qanunvericilik komissiyasına qanun layihəsi təqdim ediblər. Layihənin məqsədi qondarma "erməni soyqırımı"nın inkarına görə cinayət cəzasının tətbiq edilməsidir.

Ermənistan və erməni lobbisi bəyan edir ki, Türkiyənin sələfi olan Osmanlı dövləti 1915-ci ildə Anadoluda yaşayan ermənilərə qarşı soyqırım törədib. Erməni təbliğatının təzyiqi ilə bir sıra ölkələrin parlamentləri 1915-ci il qondarma "soyqırım"ı tanıyıblar.

Xəbər lenti

Xəbər lenti