...

Korrupsiyaya qarşı effektli mübarizə aparan dövlət qurumları müəyyən olunub

Cəmiyyət Materials 29 Dekabr 2011 11:51 (UTC +04:00)
Korrupsiyaya qarşı effektli mübarizə aparan dövlət qurumları müəyyən olunub.
Korrupsiyaya qarşı effektli mübarizə aparan dövlət qurumları müəyyən olunub

Azərbaycan, Bakı, 29 dekabr / Trend, müxbir K.Zərbalıyeva/

Korrupsiyaya qarşı effektli mübarizə aparan dövlət qurumları müəyyən olunub.

Vətəndaşların Əmək Hüquqlarının Müdafiəsi Liqasından cümə axşamı Trend-ə verilən məlumata görə, bu ilin sonunda "Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə Milli Strategiya və onun həyata keçirilməsi ilə bağlı 2007-2011-ci illər üçün Fəaliyyət Planı"nın icrası başa çatır.

Ötən dövr ərzində Vətəndaşların Əmək Hüquqlarınının Müdafiəsi Liqası dövlət orqanlarının şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə istiqamətində həyata keçirdiyi fəaliyyətlərinin monitorinqini keçirib.

Monitorinq təşkilat tərəfindən hazırlanmış fərdi kriteriyalar əsasında aparılıb.

Belə ki, fəaliyyəti monitorinqə cəlb edilən seçilmiş dövlət orqanlarının hər biri üçün onun fəaliyyət sahələrinə uyğun olaraq fərdi qiymətləndirmə meyarları hazırlanıb.

Monitorinq korrupsiyaya qarşı mübarizə üzrə nəzarəti həyata keçirən orqanları - Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyanı və Nazirlər Kabinetini əhatə etməyib.

Liqa ilkin nəticələr əsasında 2011-ci ildə şəffaflığın artırılması və korrupsiyaya qarşı effektiv mübarizə aparan dövlət orqanlarını və bu istiqamətdə fəaliyyəti qeyri-qənaətbəxş olmuş dövlət qurumlarını müəyyən edib.

2011-ci ildə şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə istiqamətində effektiv fəaliyyət göstərən 3 qurum Ədliyyə Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Baş Prokurorluq olub.

Ədliyyə Nazirliyi ədliyyə orqanlarına qulluğa qəbulla bağlı imtahanlarda şəffaflığın tam təmin olunması, məhkəmə hüquq islahatlarının davam etdirilməsi istiqamətində həyata keçirilən islahatlara dəstək sahəsində səmərəli fəaliyyət, cəza sistemində islahatların daha da sürətlənməsi və korrupsiyaya qarşı effektiv mübarizənin təşkili və s. sahələrdə effektiv fəaliyyəti ilə seçilib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Ünvanlı Dövlət Sosial Yardımlarının təyin olunmasında və verilməsində mövcud olan pozuntuların səmərəli mexanizmlərin tətbiqi yolu ilə azaldılması istiqamətindəki fəaliyyət, nazirlik nəzdində və onun bütün strukturlarında effektiv vətəndaş cəmiyyəti iştirakçılığının təmin olunmasına yönələn mexanizmlərin yaradılması, nazirliyin müasir və informasiya əldə etmək haqqında qanunun tələblərinə uyğun veb-portalının yaradılması və s. istiqamətlərdəki fəaliyyəti ilə fərqlənib.

Baş Prokurorluq isə prokurorluq orqanlarına qulluğa qəbulla bağlı imtahanlarda şəffaflığın tam təmin olunması, korrupsiya ilə bağlı cinayətlərin qarşısının alınması, aşkar edilməsi və açılması məqsədi ilə əməliyyat-axtarış fəaliyyətini həyata keçirilməsi istiqamətində fəaliyyətlərin təmin olunması, korrupsiyaya qarşı cinayət təqibi sahəsində effektiv fəaliyyət, Baş Prokurorluğun veb-səhifəsində informasiya əldə etmək haqqında qanunun tələblərinə yüksək səviyyədə əməl olunması və korrupsiyaya qarşı mübarizə istiqamətindəki fəaliyyətləri ən effektiv hesab olunub.

Bu orqanlardan əlavə, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya, Məhkəmə Hüquq Şurası da bir neçə istiqamət üzrə şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə istiqamətində səmərəli fəaliyyətlər göstərib.

Xəbər lenti

Xəbər lenti