Azərbaycan, Bakı, 17 yanvar /Trend, müxbir K.Zərbalıyeva/
Ötən il Bakıda 11316 cinayət hadisəsi qeydə alınıb, həmin cinayətlərin 73,3 faizinin açılması təmin edilib. Trend-in məlumatına görə, bu barədə Bakı şəhər prokuroru Əziz Seyidov çərşənbə axşamı ötən ilin yekunlarına həsr olunmuş müşavirədəki çıxışında bildirib. Məlumatı Baş Prokuroluğun mətbuat xidməti yayıb.
Seyidov bildirib ki, 2010-cu illə müqayisədə hesabat dövründə ağır və xüsusilə ağır cinayətlərin sayı 103 hadisə və ya 7,4 faiz azalıb.
Bakı şəhər prokuroru bildirib ki, şəhərin digər hüquq-mühafizə orqanları ilə birgə fəaliyyətin nəticəsində çoxsaylı qəsdən adam öldürmə, quldurluq cinayətlərinin, bağlı qalmış ölümlə nəticələnən yol nəqliyyat hadisələrinin açılması təmin edilib, əvvəlki ilə nisbətən hesabat dövrundə daha çox qanunsuz narkotik vasitə və psixotrop maddələr dövriyyədən çıxarılıb.
Şəhər prokurorluğu orqanları tərəfindən ibtidai araşdırmaya prosessual rəhbərlik sahəsində tələbkarlıq daha da artırılıb, istintaq və təhqiqatın tam, hərtərəfli və obyektiv aparılmasına nəzarət gücləndirilib.
İl ərzində prokurorluq orqanlarında 523, daxili işlər orqanlarında isə 3959 cinayət işinin istintaqı yekunlaşdırılmaqla onların əksəriyyəti baxılması üçün aidiyyəti məhkəmələrə göndərilib.
Hesabat ilində əlaqəli şəkildə aparılmış istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində geniş əks-səda doğurmuş Nərimanov rayonunda 78 və 76 yaşlı ər-arvad Əkbərovların nəvələri Ramin Əkbərovun təşkilatçılığı ilə qətlə yetirilmələri, iş adamı - "Azər Rus" MTK-nın təsisçisi Əflatun Piriyevin Hümbət Məmmədovun sifarişi əsasında Fərman Hacıyev və qeyriləri tərəfindən qətlə yetirilməsi, Nəsimi rayonunda xəbərsiz itkin düşmüş Reyhan İsgəndərlinin İlqar Ağayev və qeyriləri tərəfindən öldürülərək meyitinin Xızı rayonunun ərazisində basdırmaları kimi xüsusilə ağır cinayətlərin açılması təmin edilib.
Qeyd edilib ki, hesabat dövründə əldə edilmiş müsbət nəticələrlə yanaşı nöqsanlar da mövcud olub.
2011-ci ildə qeydə alınmış 5 qəsdən adam öldürmə, 39 quldurluq, 16 ölümlə nəticələnən yol nəqliyyat hadisələrinin açılmaması bu sahədə daha intensiv və məqsədyönlü istintaq, əməliyyat-axtarış tədbirlərinin aparılmasını tələb edir.
Seyidov ağır və xüsusilə ağır cinayət işlərinin açılması üçün kriminalistika xidmətinin işinin daha da gücləndirilməsinin, istintaq taktikasının və metodikasının, istintaq fərziyyələrinin vaxtında və düzgün qurulmasının vacibliyini qeyd edib.
Hesabat dövründə fəaliyyətlərində yol verdikləri kobud pozuntulara görə şəhər prokurorluğunun 20 əməkdaşı intizam məsuliyyətinə cəlb olunub, o cümlədən 1 əməkdaş prokurorluq orqanlarından xaric edilib.
Müşavirədə cinayətkar hərəkətlər nəticəsində hüquqi və fiziki şəxslərə vurulmuş zərərin ödənilməsi, vətəndaşların müraciətlərinə baxılması və onların qəbulu ilə əlaqədar işin təşkilində yol verilən çatışmazlıqların qısa müddətdə aradan qaldırılması üçün konkret tapşırıqlar verilib.