...

Azərbaycanda kənd təsərrüfatı kooperasiyasının tətbiqi qiymətlərin artmasının qarşısını alacaq - millət vəkili

Cəmiyyət Materials 18 Yanvar 2012 13:36 (UTC +04:00)
Azərbaycanda kənd təsərrüfatı kooperasiyasının tətbiq olunması qiymətlərin artmasının qarşısını alacaq.
Azərbaycanda kənd təsərrüfatı kooperasiyasının tətbiqi qiymətlərin artmasının qarşısını alacaq - millət vəkili

Azərbaycan, Bakı, 18 yanvar / Trend müxbir M.Əliyev/

Azərbaycanda kənd təsərrüfatı kooperasiyasının tətbiq olunması qiymətlərin artmasının qarşısını alacaq. Trend-in məlumatına görə, bunu çərşənbə günü jurnalistlərə Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov bildirib.

"Hazırda vahid vasitəçi olmayan halda məhsul bir yox, bir neçə vasitəçinin əlindən keçərək bazara daxil olur. Bu da məhsulun qiymətinin artmasına səbəb olur", - o deyib.

İbrahimovun sözlərinə görə, "Kənd təsərrüfatı kooperasiyası haqqında" qanun layihəsinin qəbulu ilə bazarın tənzimlənməsinə şərait yaranacaq. "Bazar iqtisadiyyatı bazarın başlı-başına buraxılması demək deyil və onu idarə etmək yox, tənzimləmək lazımdır", - millət vəkili bildirib.

Komitə sədri qeyd edib ki, qanun layihəsinin hazırlandığı dövrdə parlamentin nümayəndə heyəti Almaniyanın Saksoniya əyalətinin təcrübəsi ilə tanış olub.

Onun sözlərinə görə, kooperativlər fermerlərin istehsal etdiyi məhsulun saxlama kameralarına, emalçıya, bazarda satış aparan şəxslərə çatdırılmasında vasitəçilik edəcəklər.

"Dünyanın inkişaf etmiş ölkələrinin çoxu bu sistemi tətbiq edir. Azərbaycanda Sabirabad rayonunun iki kəndində belə təcrübə tətbiq olunur. Bəzi adamlar kooperativləri "kolxozlara qayıdış" adlandırırlar, lakin bu, belə deyil - torpaq və məhsulun sahibkara məxsusluğu saxlanılır", - İbrahimov deyib.

"Kənd təsərrüfatı kooperasiyası haqqında" qanun layihəsinin Milli Məclisin yaz sessiyasında ikinci oxunuşa çıxarılması gözlənilir.

Xəbər lenti

Xəbər lenti