...

Dövlət Sosial Müdafiə Fondunda 20 Yanvar faciəsinin ildönümünə həsr olunmuş anım mərasimi keçirilib

Cəmiyyət Materials 18 Yanvar 2012 15:53 (UTC +04:00)
Dövlət Sosial Müdafiə Fondunda (DSMF) 20 Yanvar faciəsinin 22-ci ildönümünə həsr olunmuş anım mərasimi keçirilib.
Dövlət Sosial Müdafiə Fondunda 20 Yanvar faciəsinin ildönümünə həsr olunmuş anım mərasimi keçirilib

Azərbaycan, Bakı, 18 yanvar /Trend/

Dövlət Sosial Müdafiə Fondunda (DSMF) 20 Yanvar faciəsinin 22-ci ildönümünə həsr olunmuş anım mərasimi keçirilib.

Fondun ictimaiyyətlə əlaqələr sektorundan çərşənbə günü Trend-ə verilən məlumata görə, şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edildikdən sonra Fondun sədri Səlim Müslümov çıxış edərək vurğulayıb ki, 20 Yanvar hadisələri Azərbaycan xalqının təkcə faciə günü yox, həm də tariximizin qanla yazılmış şərəfli qəhrəmanlıq səhifəsi, müstəqillik uğrunda aparılan mübarizənin yüksəliş zirvəsidir.

22 il bundan əvvəl baş verən tarixi prosesləri yada salan Müslümov bildirib ki, Azərbaycan xalqının başına gətirilən bu qanlı faciəyə ilk siyasi-hüquqi qiyməti verən, bütün çətinliklərə baxmayaraq, siyasi iradə nümayiş etdirərək sovet hakimiyyətinin bu əməlinə etirazını bildirən ümummilli lider Heydər Əliyev oldu. Ulu öndər Heydər Əliyev 1990-cı il yanvarın 21-də sovet rejiminin qadağalarına rəğmən, həyatını təhlükə qarşısında qoyaraq Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək qanlı faciənin təşkilatçılarını dünya ictimaiyyəti qarşısında ittiham etdi.

DSMF sədri deyib ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev yenidən siyasi rəhbərliyə qayıtdıqdan sonra 1994-cü ildə qanlı yanvar hadisələrinə tam siyasi-hüquqi qiymət verilib, eyni zamanda, faciənin günahkarlarının adları açıq şəkildə göstərilib.

Müslümov 20 yanvar hadisələrində şəhid olmuş şəxslərin ailələrinin, bu hadisələr zamanı əlil olmuş vətəndaşların dövlətin hərtərəfli qayğısı ilə əhatə olunduğunu vurğulayıb. Ulu öndər Heydər Əliyev tərəfindən xalqımızın 1990-cı il 20 Yanvar faciəsinə əsl hüquqi qiymət verilməsi ilə yanaşı, "20 Yanvar Şəhidi" fəxri adı təsis edilib və bu faciənin qurbanlarının sosial müdafiəsi xususi nəzarətə götürülüb, şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında, həlak olanların ailələrinə yardım edilməsi istiqamətində müxtəlif fərman və sərəncamlar verilib. Ulu öndər vətənimizin azadlığı uğrunda canlarından keçən vətəndaşlarımızın xatirəsinin əbədiləşdirilməsi məqsədilə Bakıda xatirə kompleksinin yaradılmasının da təşəbbüskarı olub, bu işin sürətlə həyata keçirilməsi üçün əməli tədbirlər həyata keçirilib.

Səlim Müslümov bildirib ki, bu istiqamətdə dövlət siyasəti Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməkdədir və son illər bu istiqamətdə həyata keçirilən ardıcıl tədbirlər göz önündədir.

Daha sonra anım mərasimində 20 yanvar hadisələrində əlil olmuş vətəndaşlar, bu hadisələrin canlı şahidləri öz xatirələrini bölüşüblər.

Xəbər lenti

Xəbər lenti